This is a specific ad

Siyasi şərhçi: “Ərdoğanın Prezident seçilməsi ilə qazanan yalnız Türkiyə olmadı”

75

Another advertisement

“Ərdoğanın Prezident seçilməsi ilə qazanan yalnız Türkiyə olmadı”.

QafqazTürk “Report”-a istinadən xəbər verir ki, bu barədə Azərbaycanda fəaliyyət göstərən”İslahatçı Gənclər” İctimai Birliyinin sədri siyasi şərhçi Fərid Şahbazlı bildirib.

“Azərbaycanla Türkiyəni tarixi dostluq, qardaşlıq və strateji tərəfdaşlıq əlaqələri birləşdirir. Təbii olaraq, Türkiyədə keçirilən Prezident seçkilərinə qardaş Azərbaycan xalqı və ictimaiyyəti tərəfindən böyük diqqət və maraq var. Çünki hər kəsə bəllidir ki, dünyada Azərbaycan-Türkiyə münasibətlərinin bənzəri yoxdur. Bu münasibətlər dünyada gördüyümüz və alışdığımız siyasi, iqtisadi, hərbi, geostrateji və digər maraqlarla ölçülə bilən əlaqələr deyil. Bu, qan və genlə, etnogenez və etnik tarixi birliklə yoğrulan, mayalanan münasibətlərdir. Təsadüfi deyil ki, iki qardaş ölkə arasındakı bu münasibətlər tarixin bir çox ağır və məsuliyyətli sınaqlarından üzüağ çıxıb. Bu iki ölkəni tarixi dostluq, qardaşlıq və strateji tərəfdaşlıq əlaqələri birləşdirir”, – F.Şahbazlı qeyd edib.

O qeyd edib ki, artıq yalnız regionda deyil, bütün dünyada mühüm siyasi və iqtisadi aktora çevrilən Türkiyədə seçkilərin nəticələri qlobal müstəvidə də ciddi siyasi hadisədir: “Gərgin siyasi rəqabətə və dünyanın bir sıra güc mərkəzlərinin bütün əngəllərinə baxmayaraq, Rəcəb Tayyib Ərdoğanın yenidən Prezident seçiləcəyi proqnozlaşdırılırdı. Çünki Türkiyə son 20 ildə Prezident Rəcəb Tayyib Ərdoğanın liderliyi ilə olduqca böyük uğurlar əldə edərək, beynəlxalq münasibətlər sistemində ciddi mövqe əldə edib. Ərdoğanın liderliyi ilə Türkiyənin yaxın keçmişdə Qarabağ münaqişəsinin həllinə verdiyi töhfələr, Rusiya-Ukrayna müharibəsinin gedişində üzərinə götürdüyü mühüm vasitəçilik missiyası qardaş ölkənin artıq qlobal gücə çevrildiyini sübut edən çoxsaylı faktlardan yalnız ikisidir”.

Bundan başqa Türkiyənin artıq bütün dünyanın ehtiyac duyduğu və etiraf etdiyi müdafiə sənayesi, avtomobil istehsalı sahəsində əldə etdiyi böyük nailiyyətlər də Ərdoğanın adı ilə bağlıdır: “Məhz Ərdoğanın hakimiyyəti dövründə Türkiyə həm də təhsil iqtisadiyyatı, səhiyyə turizmi sahəsində dünyanın ən cəlbedici ölkələrindən birinə çevrilib. Şübhəsiz ki, əldə edilmiş bu və digər ciddi uğurlar Türkiyə vətəndaşlarının seçkidə Ərdoğanı dəstəkləməsinə təsir edən əsas faktorlar oldu.

Eyni zamanda Ərdoğanın rəqiblərinin prezident seçilmək naminə terror təşkilatlarının siyasi qolları ilə əməkdaşlıqdan çəkinməməsi, Azərbaycan və Türk dünyasını görməzdən gələn layihələrlə meydana çıxması onların xalq arasında olan nüfuzunu daha da aşağı saldı”.

F.Şahbazlı bildirib ki, Rəcəb Tayyib Ərdoğanın Prezident seçilməsi ilə qazanan yalnız Türkiyə olmadı: “Bu qələbə ilə qazanan həm də Azərbaycan, Türk dünyası və İslam coğrafiyası oldu. Ərdoğanın liderlik etdiyi Türkiyənin 44 günlük Vətən müharibəsində Azərbaycana böyük siyasi və mənəvi dəstəyi bu gün də xalqımız tərəfindən böyük ehtiramla qarşılanır. Azərbaycan Prezidenti İlham Əliyevlə Ərdoğan arasında olan yüksək səviyyəli dostluq münasibətləri iki qardaş ölkə arasındakı əlaqələrə böyük töhfələr verir.

Ümumiyyətlə, Ərdoğan dünya səviyyəli siyasi lider kimi Türk dünyasının birləşməsi ideyasına, dünyada təhdid və haqsızlıqla üzləşən dövlətlərin problemlərinə böyük həssaslıq və prinspiallıqla yanaşdığı üçün onun qələbəsi dünyanın bütün Türk-İslam coğrafiyasında böyük sevinclə qarşılandı”.

Siyasi şərhçi qeyd edib ki, R.T. Ərdoğanı ilk təbrik edən siyasi liderin Azərbaycan Prezidenti İlham Əliyev olması və Ərdoğanın bunu xalqa müraciətində böyük fərəhlə açıqlaması ölkələrimiz arasındakı münasibətlərin hansı səviyyədə olmasının parlaq bir nümunəsidir: “Hələ seçkinin yekun nəticələri açıqlanmadan dövlətimizin başçısı qardaş ölkənin Prezidentini təbrik etməklə yanaşı, Azərbaycana dəvət etdi. Ərdoğanın Prezident seçildikdən sonra ilk xarici səfərini Azərbaycana etməsi artıq bir dövlət ənənəsi halına gəlib.

Hesab edirəm ki, Ərdoğanın növbəti dəfə Prezident seçilməsi ilə başlayan “Türkiyə əsri”ndə Azərbaycan-Türkiyə münasibətləri də keyfiyyətcə yeni və daha da məsuliyyətli bir mərhələyə qədəm qoyacaq. Bu dostluq və qardaşlıq əlaqləri əbədi olaraq hər iki ölkənin inkişafına böyük töhfələr verəcək”.

Sonrakı yazı
Bayden Türkiyədə keçirilmiş seçkilərin nəticələrinin faydalı olmasını arzulayıb
Öncəki yazı
Papuaşvili: “Biz Rusiya ilə güzəştə yox, strateji…”