This is a specific ad

Şəhidin Anım Günü

78

Another advertisement

Bu gün Bolnisi rayonunun Saraclı kəndində şəhid Sahib Daşdəmirovun Anım günü idi.
Anım günündə Azərbaycanın Fövqəladə və səlahiyyətli səfiri cənab Faiq Quliyev və səfirliyin əməkdaşları, qonşu kəndlərin ziyalıları, Gürcüstan Azərbaycanlıları Konqresinin sədri Hüseyn Yusubov və Konqresin əməkdaşları, “Qafqaz Türk Media” saytının jurnalistləri Hacı Xəlilov, Səma Məmmədova, Nino Kervalişvili və kənd əhalisi iştirak edirdilər.
Anım mərasimi əvvəlcə şəhidin doğulub boya-başa çatdığı evin həyətində başladı.
Tədbirdə səfir Faiq Quliyev genişməzmunlu çıxış etdi. O, əvvəlcə şəhidin keçdiyi mənalı həyat yoluna nəzər saldı. Sonra Azərbaycanı Zəfərə aparan Yola keçdi və dedi:
– Hər zaman Azərbaycan xalqının və Azərbaycan ordusunun dəstəyinə arxalanan Prezident İlham Əliyev xalqın birliyi və ədalətli mövqeyi ilə “Dəmir Yumruq”la birləşərək işğalçıya sarsıdıcı zərbə vurmuşdur. Prezident İlham Əliyev hərbi sahədə olduğu kimi diplomatik və informasiya savaşı cəbhəsində də misilsiz rəşadət göstərmiş, Azərbaycana qarşı informasiya blokadasını yarmış, aparıcı xarici KİV-ə müsahibələr vermişdir. Bu müsahibənin hər biri Azərbaycanın diplomatik uğuruna çevrildi. Əfsuslar olsun ki, müharibənin çox sərt qanunları var. Qələbə və Zəfər sevincləri itkisiz olmur. 44 gün davam edən müharibədə də, cəmi 23 saat çəkən antiterror əməliyyatı nəticəsində də xeyli şəhid verdik. Torpaqlarımız qəhrəman şəhidlərimizin, əsgər və zabitlərimizin, qazilərimizin qanı və canı bahasına işğaldan azad edildi. Azərbaycan Silahlı Qüvvələri keçirilən antiterror tədbirləri nəticəsində separatçı tör-töküntülərini tam dizə gətirdi və bu fakt bir daha sübut etdi ki, Azərbaycanın ərazi bütövlüyü toxunulmazdır. Artıq Qarabağ məsələsi 20 sentyabr 2023-cü ildə birdəfəlik bağlandı!
Nəticədə son söz deyildi – terrora antiterrorla cavab verildi və Ermənistanın havadarlığı altındakı xunta ağ bayraq qaldırmalı oldu. Allah bütün şəhidlərimizə rəhmət eləsin!
Çıxışının sonunda cənab səfir bildirdi ki, Saraclı kəndi Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə 6 şəhid vermişdir. Və Azərbaycan dövlətinin şəhidlərin adlarının əbədiləşdirilməsi üçün hər şeyə hazır olduğunu bəyan etdi. Şəhidin ailəsinə və Saraclı elinə Vətən və Torpaq uğruna belə qəhrəmanlar verdiklərinə görə ürəkdən təşəkkür etdi.
Daha sonra Gürcüstan Azərbaycanlıları Konqresinin sədri Hüseyn Yusubov, kənd ziyalısı Vaqif Əlimərdanov çıxış edərək şəhidlərə Allahdan rəhmət dilədilər və Azərbaycan dövlətinə şəhidlərə verdikləri dəyərə görə təşəkkür etdilər. Çıxışları şəhidin atası Natiq Daşdəmirov və əmisi Bəhlul Daşdəmirov öz səmimi təşəkkür ifadələri ilə yekunlaşdırdılar.
Şəhidin atasının “Oğlumun şəhid olması ilə fəxr edirəm!” cümləsi hər kəsdə qürur hissi yaratdı.
Sonda Bolnisi rayon bələdiyyə məclisinin sədr müavini Rəsul Bəxtiyarov Anım iştirakçılarını Saraclı kəndinin mərasim evində təşkil edilmiş ehsan süfrəsinə dəvət etdi. Kəndin imamı Teymur Kələyev ehsan süfrəsində şəhidlərin ruhu üçün dualar oxudu.
Uca ALLAH BÜTÜN ŞƏHİDLƏRİMİZƏ RƏHMƏT ELƏSİN! MƏKANLARI CƏNNƏT OLSUN!
AMİN!

Kateqoriya: Cəmiyyət
Sonrakı yazı
İsrail və Fələstin nümayəndələrinin Pekində görüşü baş tutacaq
Öncəki yazı
Ürək xəstələrinə səhər bu yeməklər olmaz