“Azərbaycanın baş naziri Əli Əsədovla baş tutan görüşümüzdə söhbət ölkələrimizin birgə həyata keçirdiyi layihələrdən danışdıq“.
QafqazTürk.com xəbər verir ki, bunu Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili deyib.
Onun sözlərinə görə, Gürcüstan və Azərbaycan arasında strateji tərəfdaşlıq bir komanda kimi qəbul edilir.
“Biz Azərbaycanın Baş Naziri Əli Əsədovla görüşdük və görüşümüzdə irgə həyata keçirdiyimiz iqtisadi layihələrdən danışdıq. Azərbaycanın Gürcüstan vasitəsilə Avropa bazarına çıxışının vacib olduğu enerji layihələrini müzakirə etdik. Hökumətlərimiz arasında çox intensiv iş gedir. Parlamentin nöqteyi-nəzərindən bu cür layihələrin həyata keçirilməsini təşviq etmək üçün hansı qanunvericilik bazasının mövcud olmasından danışdıq. Ona görə də biz, hər iki ölkənin parlamentləri bütün bu layihələrin həyata keçirilməsi üçün müvafiq hüquqi mühitin yaradılması üçün bu məsələlərdə əməkdaşlıq etmək niyyətindəyik. Bu gün faktiki olaraq bütün qolların rəhbərləri ilə, prezidentlə, parlamentin sədri ilə, baş nazirlə görüşdük. Biz regional təhlükəsizlik, Ermənistan və Azərbaycan arasında sabit sülh üçün hamımızın gözləntiləri haqqında danışdıq. Biz ümid edirik ki, tezliklə sülh sazişi bağlanacaq. Apardığımız ətraflı müzakirə ölkələrimiz arasındakı mövcud münasibətlərin nə qədər etibarlı olduğunu, hər ikimizin strateji tərəfdaşlığa nə qədər həvəsli olduğunu göstərir. Ölkələrimiz arasındakı strateji tərəfdaşlıq müxtəlif məsələlər üzrə komanda şəklində işləmək kimi qəbul edilir və bu, hökumətlərimiz və parlamentlərimiz arasındakı münasibətlərdə real təcrübədir”, – deyə Şalva Papuaşvili bildirib.