Şalva Papuaşvili: “Avronest sessiyasında Azərbaycan və Gürcüstanın iştirak etməməsi Avropa Parlamentinin davranışında problemlərin olduğunu göstərir

65

Avronest Parlament Assambleyasının sessiyasının Cənubi Qafqaz regionunda keçirilməsi, lakin Azərbaycan və Gürcüstanın orada iştirak etməməsi Avropa Parlamentinin fəaliyyətində ciddi problemlərin olduğunu göstərir.

QafqazTürk Media xəbər verir ki, bu barədə Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, Avronest – Avropa Parlamenti ilə “Şərq Tərəfdaşlığı” ölkələri arasında əməkdaşlıq və dialoq platformasıdır. Məqsəd – Avropa Parlamenti ilə bu ölkələrin parlamentləri arasında müxtəlif məsələlərin müzakirəsidir. Lakin bu sessiyada yalnız iki tərəfdaş ölkənin – ev sahibi Ermənistanın və Ukraynanın iştirak etməsi göstərir ki, Avropa Parlamenti tərəfindən düzgün iş aparılmır.

Papuaşvili qeyd edib ki, Azərbaycan və Gürcüstanın iştirak etmədiyi halda Avronest sessiyasının Cənubi Qafqazda keçirilməsi absurddur:

“Bu, göstərir ki, Avropa Parlamentinin davranışında nəsə səhv var. Biz bu farsda iştirak etməyi düşünmürük.”

Spikerin sözlərinə görə, Avronest görüşünə dəvət olunan şəxslərin əksəriyyəti Gürcüstanda müxalif qüvvələrin nümayəndələridir:

“Dəvət olunanların demək olar ki, hamısı ‘Milli Hərəkat’, ‘Lelo’, ‘Avropa Gürcüstanı’ və ‘Droa’ partiyalarının üzvləridir. Onlara ‘Engeoşniks’ adı altında kvota verilməsi və guya Gürcüstanın nümayəndələri kimi təqdim olunması yalandır. Avropa Parlamenti bizə bu şəxsləri Gürcüstanın təmsilçiləri kimi göstərməyə çalışır.”

Papuaşvili həmçinin qeyd edib ki, bu qərarların arxasında konkret şəxslər dayanır:

“Rasa Yukneviçene və onun Gürcüstan xalqına düşmən münasibəti hamıya məlumdur. Təəccüblü deyil ki, ‘Milli Hərəkat’a yaxın olan Yukneviçene Avronestə ‘Engeoşniks’ adı altında nasistləri dəvət edir – bu, utancvericidir.”

O əlavə edib ki, Avropa Parlamentində postsovet və post-kommunist meyllər aydın şəkildə hiss olunur:

“Biz uzun müddətdir ki, Avropa Parlamentində sovet tipli addımlar müşahidə edirik. Görünür, bəzi deputatlar Gürcüstan xalqına qəyyumluq etməyi özlərinə borc bilirlər. Bu isə Avropa dəyərlərinə uyğun deyil.”

Papuaşvilinin fikrincə, Avronest bu addımı ilə özünü “Şərq Tərəfdaşlığından” təcrid edir və regional siyasəti şəxsi siyasi zövqlərə uyğunlaşdırmağa çalışır:

“Rasa Yukneviçene üçün ‘Milli Hərəkat’ın lideri Mixeil Saakaşvili yarımtanrı sayılır. Görünür, onların regional siyasəti də bu düşüncə üzərində qurulub.”

Xatırladaq ki, Gürcüstan parlamentinin Avropaya İnteqrasiya Komitəsinin sədri Levan Maxaşvili Avronest Parlament Assambleyasına məktubla müraciət edərək bildirib ki, Gürcüstan nümayəndə heyəti Yerevanda keçirilən Avronestin 12-ci plenar sessiyasında iştirakdan imtina edib.

Maxaşvilinin sözlərinə görə, Avronestin son qərarları təşkilatın Təsis Aktının və Şərq Tərəfdaşlığının Praqa Sammitinin Birgə Bəyannaməsində göstərilən fundamental prinsiplərə ziddir və bu, ciddi narahatlıq doğurur.

Kateqoriya: Siyasət
Sonrakı yazı
Tbilisidə N306 marşrut xətti üzrə 20 yeni avtobus fəaliyyətə başlayacaq – ƏTRAFLI
Öncəki yazı
Axaltsixe Şəhər Şurasının deputatları və onların qohumları meriyadan 24.811.129 lari alıblar – ƏTRAFLI