Azərbaycanla Gürcüstan arasında dəmir yolu ilə sərnişin daşınmasının mayın 1-dən bərpa olunması müzakirə edilib.
QafqazTürk Media xəbər verir ki, bu barədə Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyi məlumat yayıb.
Məlumata görə, Gürcüstanın Baş nazirinin I müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili ölkədə işgüzar səfərdə olan Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev ilə görüş keçirib. Görüşdə nəqliyyat sahəsində əməkdaşlıq, əsas istiqamətlər, gələcək prioritetlər, cari layihələr barədə fikir mübadiləsi aparıblar.
Görüş zamanı Gürcüstan və Azərbaycan arasında sərnişin dəmir yolu əlaqəsinin 1 may 2025-ci ildən etibarən bərpası məsələsi müzakirə olunub:
Davitaşvili deyib: “Bu dəmir yolu əlaqəsi bizim turizm sektorumuz üçün çox vacibdir. Azərbaycanlı həmkarımla görüşdə biz həmçinin bu ilin yükdaşımaları ilə bağlı proqnozları müzakirə etdik. Əsas məqsədimiz maksimum koordinasiya ilə regional və beynəlxalq səviyyədə daha rəqabətqabiliyyətli olmaqdır”.