Rusiyanın İstanbuldakı Baş Konsulluğu Türkiyənin Daxili İşlər Nazirliyindən katolik kilsəsinə hücumla əlaqədar saxlanılan rusiyalı haqqında məlumat istəyib.
QafqazTürk.com xəbər verir ki, bu barədə diplomatik nümayəndəlikdən TASS-a bildirilib.
“Biz Daxili İşlər Nazirliyinə müraciət etdik. Cavab gözləyirik… Onun şəxsiyyəti ilə bağlı məlumatlar dəqiqləşdirilir, konsulluq əməkdaşının onunla əlaqə saxlaması xahiş olunur”, – Baş Konsulluğun nümayəndəsi agentliyə bildirib.
Kilsəyə hücum dünən baş verib. KİV-in məlumatına görə, səhər saatlarında maskalı iki nəfər kilsəyə yaxınlaşaraq atəş açıb, nəticədə bir nəfər ölüb.
Türkiyə hüquq-mühafizə orqanları kilsəyə hücumda əli olmaqda şübhəli bilinən 47 nəfəri saxlayıb. Hücumun özündə Rusiya və Tacikistan vətəndaşları şübhəli bilinir. Onların İŞİD terror təşkilatı üzvləri olduğu bildirilir.