Rusiyada 2026-cı ilin martından etibarən hamilə qadınlar və yenidoğulmuşlar haqqında vahid federal reyestri qüvvəyə minəcək.
QafqazTürk Media xəbər verir ki, bu barədə Rusiya hökumətinin baş nazir müavini Tatyana Qolikova dövlətin demoqrafik və ailə siyasətinin həyata keçirilməsi üzrə şuranın ilk iclasında məlumat verib.
Qolikovanın sözlərinə görə, reyestrdə bütün hamilə qadınlar, onların hamiləlik prosesi və nəticələri barədə məlumatlar, həmçinin yeni doğulmuş uşaqların sağlamlıq göstəriciləri toplanacaq.
İclasda Rusiya prezidenti Vladimir Putin də iştirak edib. O bildirib ki, dövlət hamilə qadınlara dəstək tədbirlərini yalnız ali təhsil müəssisələrində deyil, həm də orta təhsil müəssisələrində (məsələn, məktəblər və ya kolleclər) tətbiq etməlidir.
Putinin sözlərinə görə, dövlətin məqsədi odur ki, insanlar valideynlik məsuliyyətini təhsil və karyera ilə birləşdirə biləcəklərinə inansınlar.
“Bu, bəlkə də asan deyil, amma mümkündür və vacibdir”, — deyə Putin bildirib.
Prezident, orta təhsil dedikdə konkret olaraq məktəbləri, yoxsa kollecləri nəzərdə tutduğunu isə dəqiqləşdirməyib.
