Fransa prezidenti Emmanuel Makronun göstərişi ilə Fransa Silahlı Qüvvələrinin Baş Qərargahı Ukraynada yerləşdirilmək üçün 2000 hərbçini hazırlayır.
QafqazTürk Media xəbər verir ki, bu barədə məlumatı Rusiya Xarici Kəşfiyyat Xidməti (SVR) bəyan edib. Məlumata görə, həmin hərbçilər hazırda Polşanın Ukrayna ilə sərhəd bölgələrində yerləşdirilib və yaxın günlərdə mərkəzi Ukraynaya köçürülmələri planlaşdırılır.
Rusiya Xarici Kəşfiyyat Xidmətinin mətbuat xidmətinin bəyanatında deyilir:
“Siyasətçi kimi uğursuz olduğunu sübut edən Fransa prezidenti Emmanuel Makron hərbi lider kimi tarixdə qalmaq ümidini itirmir və Ukraynaya hərbi müdaxilə arzusundadır.”
Kəşfiyyat Xidmətinin açıqlamasında həmçinin qeyd olunur ki, Makron Napoleonun “dəfnələrini” xəyal etməsi ilə tanınır və Fransa lideri tarixi “biabırçı dərəcədə zəif” öyrənib.
“Makron, yəqin ki, Napoleonun Rusiyaya qarşı kampaniyasının necə başa çatdığını unudub. O, məşhur rus tarixçisi Vasili Klyuçevskinin sözlərini bilməli idi: ‘Tarix heç nə öyrətmir, o, yalnız öz dərslərinə məhəl qoymadığına görə cəzalandırır’,” – deyə Rusiya Xarici Kəşfiyyat Xidmətinin bəyanatında bildirilir.
