Yaxın zamanda Rusiya və Türkiyə vahid qaz qovşağının yaradılması istiqamətində birgə fəaliyyətə başlaya bilər.
QafqazTürk Media xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat xidməti məlumat yayıb.
Məlumatda Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan bu gün BRIKS sammiti çərçivəsində keçiriləcək görüşdə qaz qovşağının yaradılması imkanlarının müzakirə olunacağı bildirilirdi.
“Türkiyəli tərəfdaşlarla qaz sahəsində səmərəli əməkdaşlıq qurulub. Qara dənizin dibi ilə salınan “Mavi axın” və “Türk axını” boru kəmərləri sabit işləyir. Kazanda keçiriləcək görüşdə dövlət başçıları Türkiyədə beynəlxalq qaz qovşağının yaradılması layihəsinə də toxunacaqlar”, – məlumatda deyilir.
Rəsmi Kreml qeyd edib ki, Rusiya ilə Türkiyə arasında çoxşaxəli əməkdaşlıq bütün dinamik istiqamətlər üzrə dinamik inkişaf edir və tərəfdaşlıq və qarşılıqlı faydalı xarakter daşıyır.
“Danışıqlarda 2023-cü ildə həcmi 55,4 milyard dollar təşkil edən ticari-iqtisadi əlaqələrin inkişaf perspektivləri müzakirə olunacaq. 2023-cü ildə mənfi dinamika (11,2 % azalma) qeydə alınsa da, bu il artım müşahidə olunur (yanvar-avqust aylarının nəticələrinə görə – 6,2 % artım)”, – deyə mətbuat xidmətindən bildiriblər.
Ekspertlər isə qeyd edirlər ki, Aİ yeni qaz qovşağının yaradılmasında maraqlı olmayacaq:
“Rusiya ilə Türkiyə arasında qaz qovşağının yaradılması Prezident Vladimir Putinin təşəbbüsüdür. Bu, yeni bir məsələ deyil və uzun zamandır ki, bu məsələ ətrafında müzakirələr aparılır. Əsas məqsəd budur ki, Moskva Qərbin sanksiyaları, eləcə də Qərb ilə Rusiya arasında artan gərginlik fonunda təbii qazının Avropa bazarında satışını davam etdirsin. Avropa İttifaqı ölkələrinin rus qazından imtina etmə prosesi get-gedə geniş vüsət alır. 2026-ci ilin sonuna qədər Aİ Rusiyadan həm təbii, həm də maye formasında qaz idxalını dayandırmaq niyyətindədir. Serbiya və Balkan regionunda bəzi ölkələr Rusiyadan təbii qaz idxalını davam etdirəcək. Amma ümumilikdə Aİ Rusiyadan qaz idxalını tamamilə dayandırmağı planlaşdırır”.
Türkiyədə yeni vahid qaz qovşağının əhəmiyyətinə gəlincə, ekspertlər bildirirlər ki, Avropa İttifaqının bəzi üzv ölkələrində vahid qaz mərkəzləri var:
“Ona görə də Aİ və İttifaqının üzv ölkələrinə Türkiyədəki qaz qovşağından təbii qaz idxal etmək maraqlı olmayacaq. O ki qaldı Türkiyədəki qaz qovşağının Azərbaycana təsirinə, bunun Azərbaycanla heç bir əlaqəsi yoxdur. Azərbaycan öz təbii qazını Avropaya Cənub Qaz Dəhlizi vasitəsilə ixrac edir”.