Qazaxıstanda qəzaya uğrayan “Azərbaycan Hava Yolları” (AZAL) təyyarəsinin qara qutularının dekodlanmasında iştirak etmək üçün Rusiya, Qazaxıstan və Azərbaycandan olan mütəxəssislər Braziliyaya gələcəklər.
QafqazTürk Media xəbər verir ki, bu barədə Braziliya Hərbi Hava Qüvvələri məlumat yayıb.
“Beynəlxalq Mülki Aviasiya haqqında Konvensiyanın 13-cü əlavəsinə uyğun olaraq və Qazaxıstanın Aviasiya İnsidentlərinin Araşdırılması Departamentinin sorğusuna cavab olaraq, Aviasiya İnsidentlərinin Təhqiqat və Məlumatlandırma Mərkəzi öz nümayəndələrindən üçünü və hər bir ölkədən dəvət olunan üç mütəxəssisi qəbul edəcək. Bunlardan 3-ü Azərbaycandan, üçü isə Rusiyadandır”, – deyə agentlikdən bildirilib.
Onların verdiyi məlumata görə, qara qutular çərşənbə axşamı Braziliyaya gələcək.
“İşlər başa çatdıqdan sonra əldə edilən məlumatlar bu fəlakətin təhqiqatına cavabdeh olan Qazaxıstanın Aviasiya Qəzalarının Təhqiqat İdarəsinə veriləcək”, – Braziliya Hərbi Hava Qüvvələri bildirib.
Xatırladaq ki, dekabrın 25-də Qazaxıstanın Aktau şəhərində “Azərbaycan Hava Yolları”na məxsus təyyarənin qəzaya uğraması nəticəsində 38 nəfər həlak olub. Bakıdan Qroznıya uçan təyyarənin göyərtəsində 5 ekipaj üzvü və 62 sərnişin olmaqla 67 nəfər olub. İlkin araşdırma təsdiqləyib ki, “Azərbaycan Hava Yolları” QSC-nin təyyarəsinin qəzaya uğramasına Rusiyanın “yer-hava” raketi səbəb olub.