Rusiya və Gürcüstan arasındakı Cenevrə beynəlxalq müzakirələrinin 58-ci raundu uğursuz başa çatıb.
QafqazTürk.com xəbər verir ki, bu barədə Gürcüstan xarici işlər nazirinin müavini Laşa Darsalia məlumat verib.
O, bildirib ki, danışıqların bu raundunda da destruktiv mövqe nümayiş etdirmiş Rusiya nümayəndə heyəti müzakirə masasını vaxtından əvvəl tərk edib.
“Qaçqınların qayıtması Cenevrə müzakirələrinin əsas məsələlərindən biridir. Təəssüf ki, Rusiya nümayəndə heyəti bu məsələ gündəliyə gələn kimi müzakirə masasını tərk etmək praktikasına davam edir. Baxmayaraq ki, bu diqqət mərkəzində olan bir mövzudur, Rusiya Federasiyası bu məsələnin müzakirələrinə başlamağa dair heç bir işarə vermir. Təəssüf ki, Rusiya Federasiyası bu raundda da destruktiv idi”, – deyə Darsalia qeyd edib.