Qırğızıstanda dünyaşöhrətli qırğız yazıçısı Çingiz Aytmatovun anadan olmasının 95 illik yubileyi qeyd olunmaqdadır. Bununla əlaqədar paytaxt Bişkek daxil, ölkənin hər yerində müxtəlif müstəvidə tədbirlər keçirilməkdədir.
“Qafqaz Türk.com” xarici mediaya istinadla xəbər verir ki, noyabrın 21-dək davam edəcək festival və konfranslar iki kateqoriyada keçirilir.
Festival günlərində “Beynəlxalq layihələr və onların yayılması: dünən, bu gün və sabah”, “Avropa və Asiya arasında birgə məhsul”, “Çin və Mərkəzi Asiya, əməkdaşlıq yolları”, “Festivallar – rejissorlar və tamaşaçılar” kimi mövzularda seminarlar, “Aytmatov və kino” beynəlxalq forumu, Çingiz Aytmatovun əsərləri əsasında çəkilmiş kino layihələrinin təqdimatı nəzərdə tutulur.
Qeyd edək ki, tədbirlərdə Türk dünyasının ədəbiyyat və mədəniyyət təmsilçiləri, MDB Parlamentlərarası Assambleyasına üzv ölkələrin parlament rəhbərləri, elm və ədəbiyyat xadimləri öz çıxışlarında böyük Qırğız yazıçısının həyat və yaradıcılığının ən müxtəlif səhifələrinə dair fikirlər səsləndiriblər.