Gürcüstanda fəaliyyət göstərən QHT nümayəndələrinin bir hissəsi Gürcüstan parlamenti tərəfindən İnzibati Xətalar və Cinayət Məcəllələrinə dəyişikliklərə ertiraz edir. QafqazTürk Media xəbər verir ki, bu barədə qeyri-hökümət təşkilatları birgə yaydığı bəyanatda qeyd edilir.
QHT-lər hesab edirlər ki, yeni düzəlişlərlə hökumət istənilən formada etirazı qadağan etməyə çalışır. Bu isə dinc toplaşmaq və ifadə azadlığının birbaşa pozulması kimi qiymətləndirilir.
“İvanişvilinin parlamentinin təşəbbüsü ilə İnzibati və Cinayət Məcəlləsinə edilən yeni düzəlişlər demokratik nizamın əsasının – dinc toplaşmaq və ifadə azadlığının bilavasitə pozulmasıdır. Bu düzəlişlərlə hökumət istənilən formada etiraz aksiyasını qadağan etməyə çalışır. Başlanılan tənzimləmələr hüquqi reallıq yaradır ki, vətəndaş sadəcə olaraq səsini çıxardığı üçün cəzalandırıla bilər. Bu isə Gürcüstan Konstitusiyasına və İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi üzrə Avropa Konvensiyasına birbaşa ziddir.
Bu təşəbbüs təkcə siyasi fəal qruplara aid deyil, o, açıq şəkildə ədalət tələb edən, korrupsiyadan hiddətlənən, qanunsuz həbsə və ya ədalətsiz hökmə etiraz edən, nizamlanmayan infrastruktura və ya müavinətlərin olmamasına etiraz edən, qadınları və ya uşaqları zorakılıqdan qorumağa çalışan, ətraf mühiti qorumaq üçün səsini ucaldan hər bir Gürcüstan vətəndaşına aiddir. Biz, bu bəyanatı imzalayan təşkilatlar, bu dəyişiklikləri dinc etirazların qadağan edilməsi cəhdi və demokratik təsisatların dağıdılması prosesində növbəti addım kimi qiymətləndiririk”, – deyə birgə bəyanatda bildirilir.