Qazaxıstan Prezidenti Kasım Jomart Tokayev ölkəsinin Rusiya və Belarus İttifaqına qoşulmasına, eləcə də nüvə silahına ehtiyacı olmadığını bildirib.
“Lukaşenko Qazaxıstana İttifaq dövlətinə daxil olmağı təklif etdi. Mən onun zarafatını yüksək qiymətləndirdim. Hesab edirəm ki, buna ehtiyac yoxdur. Çünki burada başqa inteqrasiya birlikləri, ilk növbədə Avrasiya İqtisadi Birliyi var”, – deyə Tokayev vurğulayıb.
Tokayev bu bəyanatla Belarus Prezidenti Aleksandr Lukaşenkonun istənilən ölkənin Rusiya-Belarus ittifaqına qoşula və Rusiyanın nüvə silahını öz ölkəsində yerləşdirə biləcəyini dediyi təşəbbüsünə cavab verib.
“Nüvə silahlarına gəlincə, Nüvə Silahlarının Yayılmaması Müqaviləsi və Nüvə Sınaqlarının Qadağası Müqaviləsinin üzvü olduğumuz müddətcə onlara ehtiyacımız yoxdur”- deyə Qazaxıstan Prezidenti Kasım Jomart Tokayev açıqlayıb.
Tokayev ölkəsinin bu beynəlxalq sənədlərə sadiq qaldığını bildirib.
Qeyd edək ki, bundan əvvəl Lukaşenko Qazaxıstanı Rusiya-Belarus birliyinə üzv olmağa dəvət edib.
“Mən düşünmürəm ki, Kasım-Jomart Tokayev bundan narahatdır. Amma birdən belə olarsa, heç kim Qazaxıstanın və digər ölkələrin bizim Rusiya Federasiyası ilə yaxın münasibətlərimizin olmasının əleyhinə deyil. Və bu çox sadədir. Belarus-Rusiya birliyinə qoşulmaq lazımdır və bununla hamı nüvə silahına sahib olacaq”, – Lukaşenko deyib.