Yaxın günlərdə Gürcüstanda hava şəraiti pisləşəcək.
Qafqaztürk.com xəbər verir ki, bu barədə Milli Ətraf Mühit Agentliyi məlumat yayıb.
Onların məlumatına görə, sentyabrın 7-də günün ikinci yarısından Acara, Raça-Leçxumi, Quriya, İmereti, Samtsxe-Cavaxeti, Mçxeta-Mtianeti və Kaxeti rayonlarında şimşək çaxacağı, dolu düşəcəyi gözlənilir.
Sentyabrın 8-də yağıntının intensivliyi gün ərzində zəifləyəcək, sentyabrın 9-dan sentyabrın 10-u səhərədək Qərbi Gürcüstanın əksər ərazilərində və Şərqi Gürcüstanın bəzi ərazilərində leysan xarakterli intensiv yağıntı olacağı, şimşək çaxacağı, dolu düşəcəyi gözlənilir. Güclü qərb küləyi əsəcək. Dənizdə 3-4 ballıq fırtına dalğasının olacağı mümkündür.
Sentyabrın 9-dan havanın temperaturunun xeyli aşağı düşəcəyi, yüksək dağlıq rayonlarda qar yağacağı gözlənilir.
Gürcüstan çaylarında gözlənilən güclü yağıntılar suyun səviyyəsinin əhəmiyyətli dərəcədə artmasına, kiçik çaylarda daşqınlara, dağlıq ərazilərdə sürüşmə-daşqın proseslərinin başlamasına və aktivləşməsinə səbəb ola bilər.