This is a specific ad

Qars Qafqaz Universitetinin nümayəndə heyəti Gürcüstanda rəsmi səfərdə olub

62

Another advertisement

13 may tarixində Qars Qafqaz Universitetinin nümayəndə heyəti Gürcüstanda rəsmi səfərdə olublar – rektor, Prof.Dr.Hüsnü Kapu, rektor müavini Prof.Dr.Engin Kılıç, rektor baş məsləhətçi, Prof.Dr.Erol Aydın, Qars Universitetinin müəllimi, tanınmış gürcü türkoloqu professor Roin Kavrelişvili, Qars Qafqaz Universitetinin koordinatoru Hüseyn Yusubov.

Səfər çərçivəsində Gürcüstanda bir sıra görüşlər keçirildi –  Sxumi Dövlət Universitetində (SSU) rektor, professor Zurab Xonelidzenin rəhbərlik etdiyi nümayəndə heyəti qonaqları qarşıladılar. Görüş çərçivəsində Qars Qafqaz Universitetinin rektoru Hüsnü Kapu və Sxumi Dövlət Universitetinin rektoru, professor Zurab Xonelidze tərəfindən momerandum imzalandı. Bundan əlavə, tərəflər mübadilə proqramına tələbələrlə yanaşı, mühazirəçilərin də cəlb edilməsi, bununla da onlara müxtəlif sahələr üzrə mövcud biliklərini dərinləşdirmə şansı verilməsi barədə razılığa gəliblər. Görüşün sonunda tərəflər bir-birinə simvolik hədiyyələr təqdim ediblər.

Bir sonrakı görüş Gürcüstan Milli Universitetində(SEU) baş tutub. Görüş çərçivəsində, Gürcüstan Milli Universitetinin rektoru Qia Kavteişvili Qars Qafqaz Universitetinin rəhbər nümayəndələrini universitetin fəaliyyəti ilə tanış edib və tələbələrin mübadilə proqramına cəlb olunması ilə razılaşıblar. Görüş zamanı memorandum imzalanıb və rəmzi hədiyyələr mübadiləsi olub.

Ertəsi gün 14 may tarixində  Qars Qafqaz Universitetinin nümayəndələri Türkiyə respublikasının Gürcüstandakı səfirliyinə baş çəkiblər. Görüşün məqsədi Türkiyənin Gürcüstandakı səfirliyinin nümayəndələrinə Qars Qafqaz Universitetinin yeni əlaqələr qura biləcəyi universitetləri tapmaqda kömək etmək, tələbələrə yeni və maraqlı imkanlar bəxş etməyə çağırış idi. Türkiyə Respublikasının Səfirliyi bu təklifi xoş qarşılayıb və bu məsələdə fəal iştirak etməyə hazır olduğunu bildirib.

Növbəti görüş Türk Əməkdaşlıq və Koordinasiya Agentliyində (TİKA) baş tutub. Agentliyin rəhbəri Tuğba Öztürk Qars Qafqaz Universitetinin nümayəndələrini agentliyin fəaliyyəti,  həyata keçirdiyi layihələr, gələcəkdə planlaşdırılan və həyata keçirilməsi nəzərdə tutulan layihələr haqqında qısa məlumat verib. Qonaqlar TİKA-nın onlarla əməkdaşlıq edəcəyi təqdirdə açacağı imkanlardan da danışıblar. Görüş qarşılıqlı anlaşma şəkildə başa çatıb və tərəflər əməkdaşlıq haqqında razılığa gəliblər.

Sonrakı görüş Yunus Əmrə İnstitutunda baş tutub. Onları institutun rəhbəri Zəkəriyyə Gültəkin qonaq edib. Görüş çərçivəsində Yunus Əmrə adına institutun rəhbəri qonaqlara institut haqqında geniş məlumat verib. Qonaqlar kitabxanaya baş çəkmiş, tədris mühiti, institutun təhsil strategiyası və illərdir həyata keçirdikləri layihələrlə  də yaxından tanış olmuşlar.

Növbəti görüş Tbilisi Cümə Məscidində baş tutub. Qonaqlar Gürcüstan Müsəlmanları
İdarəsi Şərqi Gürcüstan müftisi Hacı Etibar Eminov ilə görüşüblər. Görüşdə universitetin
fəaliyyəti ilə bağlı qonaqlara məlumat verilib və görüş qarşılıqlı anlaşma şəklində keçib.

Tbilisidə son görüş M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyində baş tutdu. Tədbirdə ictimaiyyət nümayəndələri, ekspertlər, məktəb direktorları, müəllimlər, tələbələr iştirak edirdilər.

Tədbiri giriş sözü ilə açan H.Yusubov qeyd elədi ki, bu münasibətlərə həm də Gürcüstan – Türkiyə minillik əlaqələrinin davamı kimi baxmaq lazımdır. Görüş təhsilin keyfiyyətinin yüksəldilməsinə, qarşılıqlı müəllim və tələbə mübadiləsinə, diplom proqramlarının işlənməsinə, tədqiqat mühitinin formalaşmasına, ehtiyac duyulan ixtisaslar üzrə tədrisin aparılmasına, diplomların qarşılıqlı tanınmasına yönəldilməsini vurğulayan Hüseyn müəllim sözü Qars universiteinin rektoruna verdi.

Hörmətli Prof. Dr. Hüsnü Kapu öz çıxışında dövlətlər arasında olan münasibətlərin bütün parametrlər üzrə ən yüksək səviyyədə qurulmağının xalqların bir-birinə qarşılıqlı etimadından və etibarından qaynaqlandığını, bu önəmli münasibətlərə, təbii ki, elm, təhsil sahəsində qarşılıqlı əməkdaşlıq münasibətlərinin də daxil olduğunu vurğuladı. Buraya lap başda qarşılıqlı olaraq Türkiyədə və Gürcüstanda təhsil almaq istəyində olan gənclərin maraqlarının da daxil olmağından danışdı.
Prof. Dr. Engin Kılıç və Prof. Dr. Erol Aydın da öz çıxışlarında milliyətindən və dini mənsubiyyətindən asılı olmayaraq bütün Gürcüstan vətəndaşlarına Türkiyənin ali təhsil ocaqlarının, o cümlədən Qars Dövlət Universitetinin də daim açıq olduğunu bildirdilər. Hər iki ölkənin təhsil münasibətlərinin inkişafında perspektivlərin kifayət qədər geniş olduğunu sual-cavab şəklində də aydınlatdılar.

Müzakirələrdə müəllimə və şairə Fatma Aslan, tanınmış ekspert Mübariz Qarayev, “Göyərçin” ictimai təşkilatının rəhbəri Səbinə Talıbova, yazıçı Əli Abbas, tanınmış ziyalı-müəllim Çingiz Yaqubov, məktəb direktoru Hümbət Hüseynov, şair Lətif Ağaoğlu, yazıçı Mustafa Sədi oğlu, müəllimə Növrəstə Məhərrəm, tərcüməçi Məhəmməd Aslanov, tələbə Aysun Məmmədova və redaktor İbrahimxəlil Tamıyev çıxış etdilər.

Tədbirin sonunda GAK sədri H.Yusubov hörmətli Hüsnü Kapuya Qurucu Davidin portret-rəsmini hədiyyə etdi. Rektor da Hüseyn müəllimi Qars Universitetinin Gürcüstan üzrə koordinatoru olaraq xüsusi Diplomla mükafatlandırdı.


Sonra 65 illik yubileyi və 40 illik pedaqoji fəaliyyəti bu günlərdə qeyd edilən Növrəstə xanım Məhərrəmə GAK tərəfindən edilmiş Fəxri Fərmanı da GAK sədrinin xahişi ilə Qars Universitetinin rektoru təqdim etdi.


Qərara alındı ki, Azərbaycanın Xalq şairi, Türk dünyasının fəxri Zəlimxan Yaqubun 75 illiyi Qars Universitetində də qeyd olunsun. Universitetlərarası əlaqələr böyük şərtdir, çünki sabahın hakimiyyəti bugünkü gənclərimizin əlindədir. Türkiyə – Gürcüstan universitetlərarası münasibətlər mövzusunda görüşlər davam edir.

Qeyd: Qars Dövlət Universitetinin müxtəlif pillələrinə (tələbə, bakalavar, magistratura, dokorantura) qəbul qaydaları barədə saytımızda əlavə məlumatlar veriləcəkdir. Əlavə məlumat almaq üçün bu ünvana müraciət edə bilərsiniz:https://www.kafkas.edu.tr/ GAK-ın Mətbuat Xidməti

Sonrakı yazı
პრეზიდენტმა “გამჭვირვალობის კანონს” ვეტო დაადო
Öncəki yazı
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri görüşüb