26 mart 2023-cü ildə Bakı Olimpiya Stadionunda təşkil olunan Qarabağ-Qalatasaray matçından əldə edilən gəlir məlum olub.
QafqazTürk xəbər verir ki, bu barədə Qarabağ futbol klubunun rəsmi sosial şəbəkə hesabında məlumat dərc edilib.
Məlumata əsasən xeyriyyə və yoldaşlıq matçından əldə edilən gəlir 1 milyon 90 min 455 AZN (təxminən 12 milyon 336 min TL) təşkil edib.
“Qarabağ FK”nın rəsmi məlumatını təqdim edirik:
“İctimaiyyətin diqqətinə!
26 mart 2023-cü il tarixində “Qarabağ” və “Qalatasaray” klubları arasında xeyriyyə matçı keçirilmişdir. Əvvəlcədən də bəyan edildiyi kimi bu oyundan gələn gəlirlər qardaş Türkiyədə baş vermiş zəlzələdən əziyyət çəkənlərə göndəriləcək. Nəzərinizə çatdırmaq istəyirik ki, “Qarabağ” və “Qalatasaray” arasında baş tutmuş oyunun gəlirləri 1.090.455 (Bir milyon doxsan min dörd yüz əlli beş) AZN, təxminən 12.336.000 (on iki milyon üç yüz otuz altı min) Türkiyə lirəsi olmuşdur. Bu gəlirlərdən bəziləri (Türkiyədə oyunun yayım hüququndan gələn və Türkiyədən verilmiş reklam gəlirləri) “Qalatasaray” tərəfindən açılmış yardım hesabına köçürüləcəkdir.
Bilet satışı, meydan ətrafı reklam gəlirləri, həmçinin Azərbaycanda yayım haqqından gələn və digər gəlirlər isə qısa zamanda Türkiyədəki uyğun hesaba göndəriləcəkdir.
Xeyriyyə matçında bizə dəstək olan
“Azersun”, “Final”, “Azerçay”, “Gesco Security”, Bakı Olimpiya stadionu, “Liv Bona Dea”, “Haber Global”, “CBC Sport”, Bakı Nəqliyyat agentliyi, “Misli”, “Sabah” FK, “Günaydın” restoranı, “Mr.Fix”, “Hünər Qrup”, “Bizon”, “iTicket” həmçinin “Hyundai”ya minnətdarlığımızı bildiririk.
Və… Şübhəsiz, çağırışımıza qoşularaq bu oyunu maraqlı edən, stadiona gəlmiş 62 mindən artıq azarkeşə sonsuz təşəkkürlər!”.