Rusiya Prezidenti Vladimir Putin üç günlük dövlət səfəri ilə Tacikistanda olub. QafqazTürk Media xəbər verir ki, Tacikistan, Rusiya Prezidentini həbs etməyə dair beynəlxalq öhdəliklərini yerinə yetirməkdən imtina edib.
Xatırladaq ki, Tacikistan 2000-ci ildə Roma Statutuna qoşulub və buna görə Beynəlxalq Cinayət Məhkəməsinin yurisdiksiyasını tanıyır. Məhkəmə Putinin həbsinə dair order çıxarıb və Tacikistan hakimiyyəti qərarı icra etməli idi. Buna baxmayaraq, Rusiya Prezidenti paytaxt Düşənbəyə problemsiz gəlib.
8 oktyabr axşamı Putini Düşənbə hava limanında şəxsən Tacikistan Prezidenti Emomali Rahmon qarşılayıb, daha sonra isə botanika bağında qeyri-rəsmi görüş və nahara ev sahibliyi edib.
Putinin və Rahmonun rəsmi görüşü 9 oktyabrda keçiriləcək. Rusiya Prezidenti həmçinin “Rusiya-Mərkəzi Asiya” sammitində iştirak edəcək.
Eyni zamanda, 8 oktyabrda beynəlxalq hüquq müdafiə təşkilatı Human Rights Watch Tacikistana müraciət edərək Putinə ölkəyə girişə icazə verməməyi və ya gələcəyi halda həbs etməyi tələb edib. Təşkilat həmçinin ATƏT və Avropa İttifaqına müraciət edərək Düşənbəyə təzyiq göstərməyi tövsiyə edib.
2023-cü il martın 17-də Haaqa Beynəlxalq Cinayət Məhkəməsi Rusiya Prezidenti Vladimir Putin və Uşaq Hüquqları üzrə komissar Mariya Lvova-Belova haqqında həbs orderləri çıxarıb. Məhkəməyə görə, Putin və Lvova-Belova Ukraynanın işğal olunmuş ərazilərindən uşaqların qanunsuz deportasiyasında müvafiq məsuliyyət daşıyırlar.