“Lelo- Güclü Gürcüstan” partiyasının liderləri Mamuka Xazaradze və Badri Caparidze prezident tərəfindən əfv olunublar.
Prezident Mixail Kavelaşvilinin yaydığı bəyanatda bildirilir ki, bu addım seçkilərin rəqabətli mühitdə keçirilməsinə təminat yaratmaq məqsədi daşıyır:
“Müxtəlif şəraitə baxmayaraq, prezident bu qərarı ona görə qəbul edib ki, heç kimin yerli özünüidarəetmə seçkilərinin məhdud rəqabət şəraitində keçirildiyini deməyə əsası qalmasın”.
Onun sözlərinə görə, dünən seçkilərlə bağlı siyasi subyektlərin qeydiyyat prosesi başa çatıb. Qeydiyyatdan keçmiş partiyalar arasında hazırda liderləri həbsdə olan yalnız bir siyasi birlik mövcuddur – “Lelo- Güclü Gürcüstan”.
Kavelaşvili vurğulayıb ki, seçkilərin rəqabətli və şəffaf şəkildə keçirilməsi mütləqdir:
“Seçkilər heç bir siyasətçi üçün törətdiyi cinayətə görə indulgensiyaya çevrilməməlidir. Bir neçə həftə əvvəl həmin məhbuslar mənim əfv təklifimi rədd etmiş, bununla da Prezident institutunu təhqir etməyə cəhd etmişdilər. Lakin buna baxmayaraq, yerli özünüidarəetmə seçkilərinin azad və rəqabətli keçirilməsi üçün onların əfv olunması qərarı verildi”.
O, Xazaradze və Caparidzenin bundan sonra da siyasi fəaliyyətlərini qanun çərçivəsində davam etdirəcəklərinə ümid etdiyini bildirib.
Kavelaşvili bütün siyasi qüvvələri seçkilərdə sağlam və dinc mühitin qorunmasına töhfə verməyə çağırıb və seçki iştirakçılarına uğurlar arzulayıb.