Seçkilər kollegiyası tərəfindən prezident vəzifəsinə seçilən Mixeil Kavelaşvili parlamentin tribunasından açıqlamasında qeyd edib ki, dəyərlərin və dünyagörüşlərin yaxınlaşması mənə dərin inam verir ki, ABŞ-ın yeni administrasiyası dövründə biz münasibətləri yenidən qura və normallaşdıra biləcəyik.
Kavelaşvilinin sözlərinə görə, Donald Trampın ABŞ-dakı qələbəsindən sonra dünyada psevdoliberal gündəm dəyişməyə başlayıb və bu, onun fikrincə, ümidvericidir.
“Mən bunu Donald Tramp effekti adlandırardım. ABŞ-da gedən proseslər və onların bütün dünyada əks-sədaları gürcü xalqını dövlətimizin düzgün siyasətinə və dəyərlərinə bir daha inandırdı.
Sülh siyasəti, milli maraqların üstünlüyü, mühafizəkar və ənənəvi dəyərlərin qorunması, ailənin möhkəmliyi, xristianlığın rolunun gücləndirilməsi – bunlar dövlətimizin son on ildə dayandığı, ABŞ-ın növbəti dörd il ərzində siyasətini əsaslandıracaq dəyərlərdir”, – Kavelaşvili bildirib.
Seçicilər kollegiyası tərəfindən prezident seçilən Kavelaşvili parlamentdə ölkənin vəziyyətinin ən mühüm məsələləri ilə bağlı məruzə ilə çıxış edib.