Piyadalar üçün cərimələr artırılır: Yol nişanlarına tabe olmama ciddi şəkildə cəzalandırılacaq.
Piyadaların yol nişanlarına tabe olmamaları və yol nişanlarının tələblərinə məhəl qoymamaları halları ilə bağlı cərimələr artırılır. Bu istiqamətdə “İnzibati Xətalar Məcəlləsi”nə sərtləşdirici dəyişikliklər edilir.
Belə ki, nəqliyyat vasitələrinin sürücüləri istisna olmaqla, digər yol hərəkəti iştirakçıları tərəfindən “Yol hərəkəti haqqında” Qanunun və yol nişanlarının tələblərinin pozulması hallarında tətbiq edilən maliyyə sanksiyaları artırılır.
Yeni dəyişikliklərə əsasən, əvvəllər 10 lari məbləğində nəzərdə tutulan cərimə 50 lariyə qaldırılır. Əgər eyni qayda pozuntusu təkrar baş verərsə, cərimə 20 laridən 100 lariyə qədər artırılacaq.
Daha sərt sanksiyalar magistral, beynəlxalq və ya daxili yollar üzərində edilən qayda pozuntularına aiddir. Belə hallarda piyadalar 100 lari məbləğində cərimələnəcəklər. Əgər həmin qayda pozuntusu bir il ərzində təkrar edilərsə, bu zaman cərimə 200 lari olacaq.
Qeyd edək ki, bu dəyişikliklər piyadaların təhlükəsizliyinin təmin olunması və yol hərəkəti qaydalarına riayət səviyyəsinin artırılması məqsədi daşıyır.