Polşanın Jeşuva şəhərindən olan Krıstian Herba yeni dünya rekordu qırıb.
QafqazTürk Media xarici mətbuata istinadən xəbər verir ki, idmançı velosipedlə tullanmaq texnikasından istifadə edərək Varşavanın mərkəzində “Varso” qalasının 4 mindən çox pilləkənindən yuxarı qalxıb. Bu, Avropa İttifaqında ən hündür binadır. Bina 53 mərtəbəlidir, şpil ilə birlikdə hündürlüyü 310 metr təşkil edir.
Məlumata görə, Krıstian Herba artıq yeddinci dəfədir Ginnesin rekordçusu olur.
“Bu rekord ərəfəsində xeyli məşq etmişəm, çox vaxt gündə 30 kilometrdən artıq qaçmışam. Düşünürəm ki, bu da çox dəstək olub. Mənim orqanizmim bilir ki, o, enerji ehtiyatına malik olmalıdır, çünki səni nəyin gözlədiyini heç vaxt bilmirsən. Gələn il bu rekordu 100 faiz yeniləmək istəyirəm. Düşünürəm ki, 4500-4600 pilləkəni qət etmək istəyəcəyəm, lakin hələ buna baxarıq”, – deyə idmançı bildirib.
Qeyd edək ki, bu günə qədər Krıstian Herba 4 qitədəki 13 ölkədə 18 müxtəlif yarışlarda qalib gəlib.