Parlamentin sahəvi iqtisadiyyat və iqtisadi siyasət komitəsinin sədri Şota Berekaşvili ilə Faiq Quliyev arasında görüş baş tutub

72

Cari ilin 12 iyun tarixində Azərbaycan Respublikasının Gürcüstandakı Fövqəladə və Səlahiyyətli Səfiri Faiq Quliyev Gürcüstan Parlamentinin sahəvi iqtisadiyyat və iqtisadi siyasət komitəsinin sədri Şota Berekaşvili ilə görüşüb.

Komitə sədri qismində Ş.Berekaşvili ilə ilk görüşünü keçirən Səfir F.Quliyev, onu təyinatı münasibətilə təbrik etmiş və gələcək fəaliyyətində uğurlar arzu etmişdir. Azərbaycan Respublikası ilə Gürcüstan arasında mövcud strateji tərəfdaşlıq münasibətlərinin son illərdə iqtisadi əməkdaşlığın daha da artması ilə nəticələnməsindən məmnunluğunu ifadə edən diplomat, Ş.Berekaşviliyə iki ölkə arasındakı iqtisadi münasibətlərin təməlini təşkil edən layihələr, eləcə də perspektiv təşəbbüslər barədə məlumat vermişdir.

Xüsusilə, Avropa İttifaqının enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolu, eləcə də tranzit ölkə olaraq Gürcüstanın artan nüfuzu hər iki ölkənin Cənubi Qafqaz bölgəsində strateji faktor mövqeyində daha da möhkəmlənməsinə zəmin yaratdığı vurğulanmışdır.

Öz növbəsində Səfir F.Quliyevi salamlayan Ş.Berekaşvili, iki dost ölkə olan Azərbaycan və Gürcüstan arasındakı xüsusilə, iqtisadi sahədə olan sıx əməkdaşlıq əlaqələrinin hər iki ölkənin bölgədə və daha geniş coğrafiyada strateji əhəmiyyətini daha da artırdığını söyləmişdir. O, energetika, nəqliyyat, informasiya texnologiyaları, təhsil, inşaat və turizm sahələrinin prioritet əməkdaşlıq istiqamətlərindən olduğunu və qeyd olunan sahələr üzrə Azərbaycan kapitallı şirkətlər üçün Gürcüstanda yeni fürsətlərin yarandığını bildirmişdir.

Görüş zamanı, Azərbaycan və Gürcüstanın qanunverici orqanları arasında daha da intensivləşməkdə olan təmaslara və yeni layihələrin vəd etdiyi töhfələrə dair məmnunluq ifadə olunmuş, eləcə də iki ölkə arasındakı strateji tərəfdaşlıq münasibətlərinin yalnız Azərbaycan və Gürcüstanın deyil, ümumilikdə Cənubi Qafqaz bölgəsinin rifahına xidmət etdiyi qeyd edilmişdir.

Tərəflər görüş əsnasında qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparmışdır.

Kateqoriya: Cəmiyyət, Siyasət
Sonrakı yazı
Bədbəxt hadisə: Arxa düşən şəxs dünyasını dəyişib
Öncəki yazı
İsrail Müdafiə Qüvvələri bəyanat yayıb