Parlamentin Prosessual Məsələlər Komitəsi 2025-ci ilin 1 iyulundan 30 sentyabrına qədər dövrdə vəzifəli şəxslərin komitə formatında məcburi iştirak və dinlənilməsi məsələlərini araşdırıb və bu mövzuda dördüncü hesabatını təqdim edib.
Hesabata görə, parlamentin komitələri və siyasi qruplar həmin dövrdə vəzifəli şəxslərin “çağırılması” və dinlənilməsi üçün nəzərdə tutulmuş imkanlardan istifadə etməyiblər. Eyni zamanda, heç bir vəzifəli şəxs komitələrə iclasda dinlənilmək üçün müraciət etməyib.
Qeyd olunmalıdır ki, Prosessual Məsələlər Komitəsi parlamentə eyni məzmunlu məlumatı 2024-cü ilin 1 oktyabr–31 dekabr, 2025-ci ilin 1 yanvar–31 mart və 2025-ci ilin 1 aprel–30 iyun dövrlərinin araşdırılması nəticəsində də təqdim edib.
“2025-ci ilin 1 iyulundan 30 sentyabrına qədər olan dövrdə parlamentin heç bir komitəsi vəzifəli şəxsin çağırılması ilə bağlı qərar qəbul etməyib. Eyni zamanda, heç bir fraksiya komitə iclasında vəzifəli şəxsin məcburi iştirakını tələb etməyib. Araşdırılan dövrdə, parlamentin Nizamnaməsinin 147-ci maddəsinin birinci bəndinə əsasən, heç bir vəzifəli şəxs müvafiq komitədən iclasda dinlənilmək üçün müraciət etməyib.
Məlum olduğu kimi, bu dövr aktiv seçkiöncəsi dövr idi. Belə bir dövrdə parlament fəaliyyəti nisbətən passiv olur. Ona görə də, bu mərhələdə aktivliyin müşahidə olunmaması təəccüblü deyil,” – deyə komitənin sədri Davit Matikaşvili komitə iclasında bildirib.
Prosessual Məsələlər Komitəsinin məlumatı büro tərəfindən qeydiyyata alınacaq.
Parlamentin Nizamnaməsinə görə, parlament qarşısında hesabat verən vəzifəli şəxs – hökumət üzvü və ya parlament qarşısında hesabat verən qurumun rəhbəri – icazəsi və ya tələbi olduqda komitə iclasında iştirak etməyə və orada verilən suallara cavab verməyə, görülmüş işlər barədə hesabat təqdim etməyə borcludur. Belə şəxsin tələbi üzrə komitə onu mütləq dinləməlidir.
