Papuaşvili: “Qaxariyanın partiyası Almaniyadan idarə olunur və inqilablar təşkil etməyə çalışır”

96

Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili keçmiş baş nazir Qiorqi Qaxariyanın rəhbərlik etdiyi “Qaxariya – Gürcüstan Naminə” partiyası barədə açıqlama verib.

Papuaşvilinin sözlərinə görə, Qaxariyanın partiyası Almaniyadan idarə olunur və “Almaniyada olan Lenin kimi, Gürcüstanda inqilablar təşkil etməyə çalışır.”

Spiker əlavə edib ki, “Qaxariya – Gürcüstan Naminə” partiyasının deputatları əvvəlcə parlamentə daxil olmamaq qərarı verib, indi isə bu qərarlarını dəyişərək parlamentə daxil olmağı seçiblər və bu addımlarını əsaslandırmaq məcburiyyətində qalıblar.

Papuaşvili həmçinin partiyanın üzvü Rusudan Tevzadzenin deputat mandatından imtina etməsinə də toxunub. Onun sözlərinə görə, Tevzadze Tbilisidə 67 min seçicisi olan dairədə majoritar namizəd kimi cəmi 369 səs toplayıb ki, bu da partiyanın legitimliyinə şübhə yaradır.

O, qeyd edib ki, müxalifət xarici göstərişlərə əsaslanaraq Gürcüstanda hakimiyyəti zorla dəyişməyə cəhd göstərib, lakin bu plan uğursuzluğa düçar olub. “Biz oktyabrın 4-də hökumətin devrilməsi cəhdinin uğursuzluğunun şahidi olduq,” – deyə Papuaşvili bildirib.

Qeyd edək ki, “Qaxariya – Gürcüstan Naminə” partiyası 2024-cü il 26 oktyabr parlament seçkilərini boykot etməsinə baxmayaraq, sonradan boykotu dayandıraraq 11-ci çağırış parlamentinə 12 deputatla daxil olmaq qərarına gəlib.

Kateqoriya: Cəmiyyət, Siyasət
Sonrakı yazı
Milli Ətraf Mühit Agentliyi əhaliyə xəbərdarlıq edir
Öncəki yazı
Paşinyan: Ermənistan Türkiyə-Azərbaycan yük tranzitinə hazırdır