Pakistan və Əfqanıstan rəsmilərinin bildirdiyinə görə, oktyabrın 11-i axşam saatlarında iki ölkənin sərhədi boyunca silahlı toqquşmalar baş verib.
QafqazTürk Media xəbər verir ki, bu barədə Reuters məlumat yayıb.
Məlumata əsasən, Əfqanıstanın Taliban qüvvələri bu həftə Pakistanın Kabildə həyata keçirdiyi hava hücumundan sonra Pakistanın sərhəd məntəqələrinə hücum edib.
Yerli rəsmilərin sözlərinə görə, Taliban Pakistanın iki sərhəd məntəqəsinə nəzarəti ələ keçirdiyini bəyan edib.
Pakistanlı rəsmilər isə təsdiqləyiblər ki, toqquşmalar sərhəd boyunca ən azı beş ərazidə baş verib və əlavə ediblər ki, Pakistan Silahlı Qüvvələri Talibanın hücumlarına cavab atəşi ilə reaksiya göstərir.
Əfqanıstan tərəfi bildirib ki, Pakistan Kabildə hava hücumu həyata keçirdiyinə görə cavab verəcəklər. Öz növbəsində, Pakistan nə hücum faktını təsdiqləyib, nə də onu təkzib edib.
Toqquşmalardan sonra Əfqanıstan Müdafiə Nazirliyi sosial şəbəkə X-də (keçmiş Twitter) yazıb ki, “Durand xətti boyunca Pakistan təhlükəsizlik qüvvələrinə qarşı uğurlu cavab əməliyyatı başa çatıb.
Əgər qarşı tərəf bir daha Əfqanıstanın ərazi bütövlüyünü pozarsa, bizim silahlı qüvvələr ölkənin suverenliyini qorumağa hazırdır və qəti cavab verəcək,” – deyə Nazirliyin paylaşımında qeyd olunur.