“Ermənistan ilə Azərbaycan arasında sülh bərqərar olub. Çox önəmlidir ki, əlaqəlilik institusional nailiyyətə çevrilsin. Mən hər çıxışımda vurğulamağa çalışıram ki, bu qərar institusional səviyyəyə çatdırılmalıdır.”
QafqazTürk Media xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan “Tbilisi İpək Yolu Forumu” çərçivəsində keçirilən panel müzakirəsində bildirib.
Paşinyanın sözlərinə görə, nəqliyyat əlaqələri ölkələr üçün ümumi fayda gətirir.
“Mən öz tərəfdaşlarıma, həmkarlarıma çıxışları üçün təşəkkür etmək istəyirəm, xüsusilə düzgün vurğular etdiklərinə və pozitiv ifadələrinə görə.
Burada, bu zalda bir il əvvəl səsləndirilmişdi ki, planlarımız var, amma təsəvvür etmək mümkün deyildi ki, mən azərbaycanlı həmkarıma təşəkkür edəcəyəm. Azərbaycanın Baş Nazirinə həmişə təşəkkür edirəm, burada heç bir əngəl yoxdur, amma bu bir il əvvəl təsəvvür edilə bilməzdi. İndi isə bu artıq reallıqdır. Bu göstərir ki, qeyd olunan forum həqiqətən çox önəmlidir.
Ermənistan ilə Azərbaycan arasında sülh bərqərar olub. Qeyd etmək istəyirəm ki, bunu cənab Əliyev də söylədi – çox önəmlidir ki, əlaqəlilik institusional nailiyyətə çevrilsin. Mən hər çıxışımda vurğulamağa çalışıram ki, bu qərar institusional səviyyəyə çatdırılmalıdır. Bildirdiyim kimi, nəqliyyat əlaqələri bizi ümumi faydaya aparır. Açıq şəkildə deməliyik ki, bu, qarşılıqlı asılılığa gətirir. Qarşılıqlı asılılıq önəmlidir və etimada əsaslanır. Siyasi baxımdan, bəzən pis səslənə bilər ki, bir-birimizdən asılıyıq, amma ölkələr nəqliyyat sahəsində əməkdaşlığa açıq və səmimi başladıqda, bunun hansı təsiri ola bilər? – əlbəttə, iqtisadi artım. Bu, daha böyük fiskal təsir göstərə bilər, dövlət büdcəsinə gəlirləri artıra, daha böyük ictimai maliyyə idarəçiliyinə, cəmiyyətlərin inkişafına gətirib çıxara bilər. Ölkələr birdən başa düşür ki, bu ümumi səylər hər kəsin marağındadır, hər kəsin diqqətini ərazi bütövlüyünə, sabitliyə, ölkələrin qərarvermə qabiliyyətinə yönəltməlidir. Və Cənubi Qafqazda daha da önəmlidir ki, bir-birimizlə münasibət qurarkən həqiqətən ünsiyyət quraq və razılaşmalar etibara əsaslansın”, – deyə Nikol Paşinyan bildirib.
Paşinyanın qənaətinə görə, indi Cənubi Qafqazda sülh bərqərar olduğuna görə, keçmişi anlamaq vacibdir. Baş nazirin sözlərinə görə, qarşılıqlı münaqişə yalnız zərər gətirir.
“Bir şeyi də demək istəyirəm, biz bu barədə dünən cənab İrakli Kobaxidze ilə danışdıq, görüşdə bu fikri paylaşdım ki, qurulmuş sülh bizim üçün çox yaxşı fürsətdir ki, keçmişi dərk edək. 100 ildən çox dövrü analiz edib baxaq, gələcəkdə nəyi fərqli edə bilərik. Tarixi başqa prizmdən görək, gələcəyə fərqli baxaq. Bu münasibətlər, əlaqələrimiz qarşılıqlı bağlıdır. Çox yaxşı nümunələrimiz var. 1918-ci ildə Ermənistan, Gürcüstan və Azərbaycan bir neçə gün müddətinə müstəqillik əldə etdi. Amma müstəqilliyi qorumaq üçün daha çox vaxt lazım idi və üçü də müstəqilliyini itirdi. 1991-ci ildə, təxminən eyni dövrdə, yenidən Sovet İttifaqından müstəqillik qazandıq. Tarixin dərslərini öyrənməliyik. 1991-ci ildə 1918-1920-ci illərin əsasında kifayət qədər nəticə çıxara bilmədiyimizi anlamalıyıq və niyə? Çünki o zaman qazandıq və itirdik. Niyə itirdik, niyə artıq itirməməliyik, bunun üçün nə edilməlidir, müstəqillik, dövlətçilik və qarşılıqlı hörmət kimi hansı dəyərlərimiz var, bunları düşünməliyik və əcdadlarımız da bunu düşünüb ki, bəlkə bu mübarizədə bir-birimizə daha çox fayda verək.
Tarix göstərir ki, qarşılıqlı münaqişə yalnız itkilər və zərər gətirir. Dövlətçilik, müstəqilliyin itirilməsindən daha pis nə ola bilər? Tarixi analiz edərkən mənim nəticəm belədir – Ermənistan ilə Azərbaycan arasında sülh. Bu sülh hansı formada olmalıdır, bu barədə indi danışmaq vaxtı deyil, amma düşünmək üçün həmişə vaxt var. Biz bu barədə Prezident Əliyevlə də danışmışıq. Mənim fikrim belədir – bu sülhü təmin edən görünməz bir amil var. İmkanlardan istifadə etməyə başladıq. Fürsət ortaya çıxdı, biz istifadə etdik. Region üçün daha böyük baxışımız, daha geniş perspektivimiz yarandı. Münaqişəyə, razılaşmazlığa və uzun müddət davam edən düşmən münasibətlərinə baxmayaraq, Azərbaycan və Gürcüstanın vəziyyətinə nəzər saldıq, dost münasibətləri gördük, bu münasibətləri Ermənistan-Azərbaycan münasibətlərinə tətbiq etdik. Bu imkanı gördük, marağı tanıdıq, pozitiv marağı qəbul etdik. Bu, göstərir ki, tarix yoxa çıxmayıb. Tarix yoxa çıxa bilməz, onu dərk etməli və nəticə çıxarmalıyıq. Bu gün bizə öyrədir ki, biz daha çox şey gördük, Cənubi Qafqaz ölkələri – Gürcüstan, Azərbaycan və Ermənistan – gələcəkdə ortaq maraqlar əsasında hərəkət etməlidir və bu ortaq maraqlar bəlkə də həlledici olacaq.
Əlaqəlilik, nəqliyyat əlbəttə ki, vacib məsələlərdir, amma bu prizmdən bu reallığı göstərmək istəyirəm. Hesab edirəm ki, biz bu regional kontekstdə pozitiv baxışla rəqabəti inkişaf etdirə bilərik. Bu adi bir haldır və bu enerjini, emosiyanı əməkdaşlığı təmin edən atmosfer yaratmaq üçün istifadə edəcəyik. Biz başa düşürük ki, yük daşımaları, boru kəmərləri çox önəmlidir, regionumuzdan keçməsi və bu üç ölkəyə gəlir gətirməsi vacibdir. Buna görə ortaq tərəfdaşlığımız olacaq. Bu səbəbdən fiskal gəlirlərimiz artdıqca, dövlət büdcəsinə daxilolmalar artır, ortaq gündəm yaranır və imkanlardan imtina etməyəcəyik. Biz iqtisadi artımı və inkişafı davam etdirəcəyik. Bu, ortaq maraqlar üçün çox sadə əsasdır”, – deyə Nikol Paşinyan bildirib.