İsrailin baş naziri Benyamin Netanyahu 28 oktyabr İsrail ordusuna Qəzza zolağına “dərhal və güclü” zərbələr endirməyi tapşırıb.
QafqazTürk xəbər verir ki, bu qərar, İsrailin HƏMAS-ı ABŞ-ın vasitəçiliyi ilə əldə edilmiş atəşkəs razılaşmasını pozmaqda ittiham etməsindən sonra verilib.
Baş nazirin ofisinin açıqlamasında deyilir: “Təhlükəsizliklə bağlı məsləhətləşmələrin yekunlaşmasından sonra Baş nazir Netanyahu hərbi eşalona Qəzzaya dərhal güclü zərbələr endirməyi tapşırıb”.
ABŞ rəsmisi CNN-ə bildirib ki, Qəzzaya zərbə qərarı barədə Vaşinqtona əvvəlcədən məlumat verilib.
İsrail hərbi rəsmiləri HƏMAS-ın Qəzzanı ərazinin qalan hissəsindən ayıran Sarı Xəttin şərqində İsrail əsgərlərinə hücum etdiyini açıqlayıb.
Müdafiə naziri İsrael Katz bəyan edib ki, HƏMAS bu hücuma görə “ağır bədəl” ödəyəcək və İsrail “böyük güclə” cavab verəcək.
Xatırladaq ki, çərşənbə axşamı səhər Netanyahu ofisi HƏMAS-ın Qəzzada itkin düşmüş 13 girovun heç birinə aid olmayan cəsədləri İsrailə təhvil verdikdən sonra atəşkəsi “açıq şəkildə pozduğunu” bildirib.
Məlumat üçün qeyd edək ki, İsrail və HƏMAS sülh planının birinci mərhələsini oktyabrın 9-da imzalayıb. Qəzza Sülh Bəyannaməsi isə oktyabrın 13-də ABŞ, Türkiyə, Qətər və Misir tərəfindən təsdiqlənib.
