Aprelin 30-dan mayın 5-i də daxil olmaqla müxtəlif ölkələrin BMT-dəki daimi nümayəndələri Gürcüstanda səfərdədirlər.
QafqazTürk xəbər verir ki, bu barədə məlumatı Gürcüstanın Xarici İşlər Nazirliyi yayır.
İdarədən verilmiş məlumatda səfər çərçivəsində xarici diplomatları xarici işlər naziri İlia Darçiaşvilinin qəbul etdiyi deyilir. Qeyri-rəsmi mühitdə keçirilən görüşdə tərəflər Gürcüstanın xarici siyasətindən, ölkədə aparılan islahatlardan, Gürcüstanın həm BMT, həm də təşkilata üzv dövlətlərlə əməkdaşlığından danışıblar.
“Səfirlərin Gürcüstana səfəri çərçivəsində Gürcüstanın qanunverici və icraçı hakimiyyət orqanlarının nümayəndələri, o cümlədən Baş nazir İrakli Ğaribaşvili və parlamentin sədri Şalva Papuaşvili ilə görüşlər planlaşdırılır. Görüşlərdə tərəflər Gürcüstanda dövlət idarəçiliyi sahəsində aparılan islahatları və iqtisadi sahədə atılan mühüm addımları müzakirə edəcəklər.
Bundan əlavə, diplomatlar Tserovanidə məcburi köçkünlərin məskunlaşdığı əraziyə baş çəkəcək, daha sonra isə işğal xəttinə yaxın olan Odzisi kəndinə səfər edəcək, bölgədəki vəziyyətlə yerindəcə tanış olacaqlar.
Gürcüstana səfər çərçivəsində səfirlər Acara Muxtar Respublikasının nümayəndələri ilə görüşün keçiriləcəyi Batumiyə gedəcəklər” – deyə Gürcüstanın Xarici İşlər Nazirliyinin yaydığı məlumatda qeyd olunur.