This is a specific ad

MÜƏLLİMLƏRİN NƏZƏRİNƏ: MÜVAFİQ TƏHSİLİ OLMAYAN BAĞÇA MÜƏLLİMLƏRİ PEDAQOQ STATUSU ALA BİLMƏYƏCƏKLƏR

91

Another advertisement

Uşaq bağçalarının avtorizasiyası üçün hazırlıq işləri fəal şəkildə aparılır. Artıq ilkin qeydiyyat başa çatıb. Bu mərhələdə 2 027 uşaq bağçası qeydiyyatdan keçib, onlardan 1 704-ü dövlət, 323-ü isə özəldir. Bu, təhsil və elm naziri Giorgi Amilaxvarinin hələ komitə sədri olan zaman söhbət açdığı genişmiqyaslı islahatın ilk addımıdır.

Doğrudur, təhsil və elm naziri yeni fəaliyyətinə məktəb müəllimləri ilə fəal görüşlərlə başladı. Ancaq məktəbəqədər təhsil istiqamətində atılacaq addımlar və yeniliklər haqqında hələ heç nə deməyib. Parlament çıxışlarından birində G.Amilaxvari bağça müəllimlərinə pedaqoq statusunun verilməsini açıqlamışdı və bu istiqamətdə fəal işlər aparıldığını qeyd etmişdi:

“Bağça müəllimlərinə status vermək üçün müəyyən baza yaratmaq lazımdır. Bağça müəllimlərini hazırlayacaq bir neçə bakalavr proqramı artıq mövcuddur. Bundan əlavə, Qiymətləndirmə və İmtahanlar üzrə Milli Mərkəzdə imtahan testlərinin hazırlanması işləri aparılır ki, onların standartı təyin edilsin. Bu, məktəb müəllimlərinin illərdir aparılan attestasiya prosesi kimi kifayət qədər uzun proses olacaq. Baza hazırlanıb, müəllimlərin ixtisasını müəyyən edəcək və onlara status verəcək imtahan testləri hazırlanır.

Bundan sonra müvafiq əməkhaqqı siyasəti də olacaq. Ancaq artıq 2023-cü ilin yanvarından dayə-müəllimlərin əməkhaqlarının 100 lari artırılması nəzərdə tutulub. Başa düşürəm, bu kifayət etmir, ancaq mühümdür”.

İşlər hansı istiqamətdə aparılır və nazir G.Amilaxvarinin bağçalarla bağlı hansı planlarının olduğu hələ məlum deyil. “Etaloni.ge” ilə söhbəti zamanı Müəllimlər İttifaqının rəhbəri Maia Kobaxidze isə qeyd edib ki, uşaq bağçalarında vəziyyət xaotikdir:

“Uşaq bağçalarında, demək olar ki, vəziyyət xaotikdir. Qüvvədə olan qanunvericiliyə görə, məktəbəqədər təhsil müəssisələri bələdiyyələrə tabedir. Uşaq bağçalarının idarə edilməsi bələdiyyələrin yanaşmaları ilə həyata keçirilir. Bunun öz səbəbləri var. Baxmayaraq ki, “Erkən və məktəbəqədər təhsil haqqında” Gürcüstan qanunu 2016-cı ilin iyununda qüvvəyə minib, vahid standartla uşaq bağçaları əməkdaşlarının əmək, sosial-iqtisadi, əməkhaqqı siyasəti hələ də formalaşmayıb.

Bu, həyəcanlı vəziyyətdir və qanun tələblərinin icra edilməsinə nəzarət məqsədi ilə hakimiyyətdən təcili müdaxilə tələb edir. Eyni funksiyanı yerinə yetirmək üçün müxtəlif bələdiyyələrdə, müxtəlif bağçalarda işləyənlərin fərqli əməkhaqqı alması paradoksdur. Bu əməkhaqqı əksər hallarda yaşam minimumundan aşağıdır. Biz uşaq bağçalarında işləyənlər üçün vahid dövlət siyasətinin aparılması və əməkhaqqının minimum miqdarını təyin etməklə əlaqədar məsələ qaldırırıq. Təəssüf ki, nə Gürcüstan hökuməti, nə də Gürcüstan parlamenti tərəfindən bizim tələblər nəzərə alınmayıb. Qanuna əsasən, uşaq bağçalarında dayə-pedaqoq statusu tətbiq edilməli və bu statusa görə müəyyən edilmiş əməkhaqqının minimum miqdarı müəyyən edilməli idi. Neçə il ötüb və minimum əməkhaqqı hələ də təyin edilməyib”.

Maia Kobaxidze qeyd edir ki, qəbul edilmiş qanun öz axarına buraxılıb, buna görə də uşaq bağçalarında vəziyyət dəyişmir:

“Tsalencixa bələdiyyəsində baş vermiş proses bunun nəticəsidir. Orada optimizasiya və maddi qənaət əsası ilə 36 nəfər müəllim köməkçisini işdən azad etdilər. Hakimiyyətdən heç kim Tsalencixa meriyasının qərarının qanuni olub-olmaması ilə maraqlanmayıb və araşdırmayıb. Niyə? Biz Tsalencixa bələdiyyəsi ilə razılaşmırdıq, qanunsuz olaraq işdən azad etmələri dayandırmaq üçün cəhdlərimiz və görüşlərimiz oldu. Amma bizim fikrimizi nəzərə almadılar. Ötən ilin oktyabrında bu faktla bağlı məhkəməyə şikayət vermişik. Məhkəmə prosesinin başlamasını gözləyirik. Bu istiqamətdə də sualımız var: Niyə məhkəmə təyin olunmayıb? Şikayətin verilməsindən artıq bir neçə ay keçib.

Öz səlahiyyətimiz çərçivəsində erkən və məktəbəqədər təhsilin qanunun tələblərinə uyğun yerinə yetirilməsinin monitorinqinə çalışırıq. Məsələn, bələdiyyələr normativ akt hazırlamalı idilər. Bu baxımdan da vəziyyət ciddidir. Məcburi normativ aktlar tələb etmişik və bəzi bələdiyyələr, ümumiyyətlə, cavab vermədilər. Gürcüstan İnzibati Məcəlləsinin tələblərindən istifadə etməyə məcburuq. Verilən sənədlərdə isə, demək olar ki, normativ aktların əksəriyyəti qeyri-peşəkarcasına, Əmək Məcəlləsinin tələblərinə zidd hazırlanıb. Gülməli faktlar da var. Məsələn, bələdiyyələrdən birində, dayə və loqopedin ixtisas tələblərində “xarici dil bilmək məcburidir” qeyd edilib.

Hakimiyyətin bu mühüm davamlı təhsilin ilk bəndinin – məktəbəqədər təhsilin inkişafı üçün nizam-intizam yaratmaq zamanı gəldi.

Giorgi Amilaxvarinin Təhsil və Elm Komitəsinin sədri olan zaman bağça müəllimləri üçün sertifikatlaşdırma sxeminin hazırlanması məsələsini elan etməsi faktını alqışlayırıq. Ümid edirik ki, bu bağça müəllimlərinə pedaqoq statusunun verilməsi prosesini sürətləndirəcək. Bəzi siyasətçilərin və müxtəlif qrupların uşaq bağçalarında yaranmış vəziyyətlə maraqlanması da çox sevindirici haldır. Biz tək olmayacağıq, bu da məqsədə nail olmağımızı tezləşdirəcək”.

Dayə-müəllim sxeminin qəbul edilməsi və sertifikatlaşdırılması başlayacağı halda imtahanlar təyin olunacaq. Amma həm də məktəbəqədər təhsil müəssisələrində işləyən işçilərin müvafiq təhsilinin olmamasından danışırlar. Bu, məktəbəqədər təhsil müəssisələrində işləyən kadrların uyğun diplomu yoxdursa imtahana buraxılmayacaq deməkdir, yoxsa yox? – Maia Kobaxidze bu təhlükənin olduğunu bildirib:

“Bağça əməkdaşları başa düşmürlər ki, sistematik işləmək lazımdır. Əvvəl pedaqoq statusu almalıdırlar, sertifikatlaşdırmadan keçməlidirlər, sonra isə çatışmazlıqları düzəltmək üçün işləməyə başlamlıdırlar. Ancaq, qorxuram ki, sertifikatlaşdırma başlayan kimi dayələrin bir hissəsinin səviyyəsi aşağı düşsün. Çünki bəzisinin ali təhsili yoxdur, amma xüsusi təhsili var və müvafiq olaraq o, pedaqoq statusu almaq üçün sertifikatlaşdırmada iştirak edə bilməz”.

İstinadlar: Yeni Yol, Etaloni.ge

Sonrakı yazı
Ərdoğan: “Türkiyə demokratiyası tarixində ilk dəfə ikinci turun şahidi oluruq”
Öncəki yazı
Kobaxidze: “Ümid edirəm ki, prezidentin Avropa Parlamentindəki bəyanatları dövlət maraqlarımıza zərər vurmayacaq”