Bu gün Gürcüstanda yerli özünüidarəetmə orqanlarına keçirilən seçkilərlə bağlı bir sıra məhdudiyyətlər qüvvədədir. Bu barədə Mərkəzi Seçki Komissiyası məlumat yayıb.
MSK-nın açıqlamasına görə, səsvermə günü seçki məntəqəsində və onun yaxınlığında seçkiqabağı təşviqat aparmaq qadağandır. Qanunvericiliyə əsasən, məntəqənin daxilində və girişindən 25 metr məsafədə təşviqat materiallarının yerləşdirilməsinə icazə verilmir. Belə materiallar dərhal yığışdırılmalı və məntəqə ətrafı təşviqatdan təmizlənməlidir.
Həmçinin seçicilərin hərəkətinə mane olmaq, səsvermə günü seçki məntəqəsindən 100 metr radiusda seçicilərin qeydiyyatını aparmaq və ya toplaşmaq da qanunla yasaqlanır.
Səsvermə saat 08:00-da başlayacaq və 20:00-da başa çatacaq. Məntəqələr isə səhər saat 06:45-dən açıq olacaq. Qanuna əsasən, məntəqənin bağlanma vaxtına qədər növbədə dayanan seçicilərin hamısı səsvermədə iştirak edə biləcək. Bu şəxslərin siyahısı seçki komissiyası tərəfindən qeydə alınacaq.
MSK bildirir ki, saat 20:00-a qədər televiziya və radio efirlərində seçki subyektlərinin reklamlarının yayımlanması, avtomatik telefon zəngləri və SMS-lərlə təşviqat kampaniyalarının aparılması qadağandır. İctimai rəy sorğularının nəticələri isə yalnız səsvermə başa çatdıqdan sonra – 20:00-dan etibarən açıqlana bilər. İstisna olaraq, yalnız seçici fəallığına dair məlumat öncədən dərc edilə bilər.
Seçki prosesinin şəffaflığını təmin etmək üçün əlavə qaydalar da müəyyən olunub. Belə ki, səsvermə kabinələrində foto və video çəkiliş aparmaq olmaz. Kabinədən kənarda isə seçkiyə mane olmamaq şərti ilə MSK-nın qaydalarına uyğun çəkiliş həyata keçirilə bilər.