Seçki administrasiyası siyasi birliklərin – “Dəyişiklik üçün Koalisiya, Vahid Milli Hərəkat” və “Güclü Gürcüstan” partiyalarının siyahısında təqdim olunmuş qalan namizədlərin qeydiyyatını ləğv edib.
QafqazTürk Media xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyası məlumat yayıb.
Açıqlamada qeyd edildiyi kimi, MSK qanunvericiliyə uyğun olaraq adıçəkilən tərəflərin müraciətinə əsasən qərar qəbul edib.
“Burada adıçəkilən siyasi subyektlərin siyahıların ləğvi ilə bağlı açıqlamalarına cavab vermək istərdik ki, qurumun siyahıların ləğvi ilə bağlı qərarı seçki administrasiyasının partiyaların seçkilərlə bağlı qiymətləndirmələrini bölüşdüyü anlamına gəlmir. Qeyd olunan qərarları qəbul edərkən seçki administrasiyası yalnız Gürcüstanın seçki qanunvericiliyini rəhbər tutmuşdur. MSK Gürcüstan parlamentinə 26 oktyabr 2024-cü il tarixdə keçirilən seçkilərlə bağlı siyahıların və yuxarıda qeyd olunan seçkilərin nəticələrinin yekun protokolunun ləğvi ilə bağlı siyasi partiyaların göndərdiyi məktublarda səslənən siyasi mahiyyəti və əsassız qiymətləri bölüşmür. Hesab edirik ki, qeyd olunan qiymətləndirmələr siyasi gündəmə əsaslanır və reallığı əks etdirmir.
MSK qəti şəkildə bildirir ki, 2024-cü il oktyabrın 26-da Gürcüstanda parlament seçkiləri Gürcüstan Konstitusiyasında nəzərdə tutulmuş prinsiplərə tam uyğun keçirilib və MSK qanunvericiliyə uyğun olaraq seçkilərin nəticələrini yekunlaşdıran protokol tərtib edib.
Partiya siyahılarının ləğvi ilə bağlı Mərkəzi Komitə sədrinin fərman və məktubları müvafiq siyasi birliklərə göndəriləcək”, – məlumatda deyilir.