Mövsümi qrip nədir və necə yayılır?
Özümüzü qripdən və onun fəsadlarından necə qorumalıyıq?
QafqazTürk.com xəbər verir ki, epidemioloq Maya Kaşia bu və digər vacib mövzular haqqında danışıb.
Mövsümi qrip nədir?
Qrip dünyada ən çox yayılmış infeksiyalardan biridir və hər il milyonlarla insan qrip virusu ilə xəstələnir. Mövsümi qrip A və B qrip viruslarının yaratdığı və mövsümi epidemiyalara səbəb olan kəskin yoluxucu xəstəlikdir. Əhalinin əksəriyyəti qripə yoluxma hallarına kifayət qədər sadə baxır lakin bu doğru deyil. Qrip xüsusilə yüksək riskli qruplarda həyati təhlükəli ağırlaşmalara səbəb ola bilər. Məsələn: qrip zamanı pnevmoniya (ağciyərin iltihabı), ağır susuzlaşdırma (dehidrasiya), uşaqlarda qulaq infeksiyaları, körpələrdə qıcolmalar yarana bilər və s.
Qrip necə yayılır?
İnsandan insana hava damcıları ilə ötürülür: öskürmə, asqırma, virusla çirklənmiş əşyalara və ya səthlərə toxunma.
Kimlərin qripə yoluxma riski yüksəkdir?
Xüsusilə yüksək risk altında olanlar: körpələr, xüsusilə 2 yaşa qədər; hamilə qadınlar, 65 yaşdan yuxarı yaşlılar; Xroniki xəstəlikləri olan insanlar (astma, konjestif ürək çatışmazlığı, diabet, xroniki böyrək xəstəlikləri və s.).
Qripin inkubasiya dövrü nə qədərdir və qripi olan insan nə qədər yoluxucu olur?
Ümumiyyətlə, qrip virusu olan şəxs xəstəliyin simptomları görünməzdən bir gün əvvəl və simptomlar aşkar edildikdən sonra 5-7 gün daha (nadir hallarda daha çox) yoluxucu olur. Bir qayda olaraq, simptomlar 1-4 gündən sonra görünməyə başlayır.
Qripin əlamətləri hansılardır?
Əsas simptomlar bunlardır:
- Ümumi zəiflik;
- Hərarət
- Öskürək
- Boğaz ağrısı;
- Burundan axıntı;
- Baş ağrısı və əzələ ağrısı;
- Nadir hallarda ishal/qusma.
Qripin müalicəsi
Ən böyük səhv insanların viral və ya antibakterial dərmanlarla öz-özünə müalicəyə müraciət etməsidir. İstənilən halda həkim resepti olmadan dərman qəbul etmək böyük səhvdir. Antiviral dərmanlar yalnız həkim resepti ilə qəbul edilməlidir, çünki onların bir çox əks göstərişləri və ya ağırlaşmaları ola bilər və virus infeksiyaları zamanı antibiotiklərin qəbuluna icazə verilmir, çünki antibiotiklər yalnız bakteriyaları məhv edir. Qrip kimi viral infeksiyalar zamanı antibiotiklərin verilməsi vəziyyəti pisləşdirir və çətinləşdirir. Hər halda, dərman qəbul etməzdən əvvəl həkimə müraciət etmək lazımdır.
Özümüzü qripdən və əlaqəli ağırlaşmalardan necə qorumalıyıq?
Qripdən qorunmağın ən yaxşı yolu qripə qarşı peyvənd etməkdir. Peyvənd qrip mövsümü başlamazdan əvvəl, oktyabr və noyabrın əvvəlində edilməlidir. İmmunitetin inkişafı üçün 2-3 həftə lazımdır.
Peyvənd üçün prioritet qruplar aşağıdakılardır:
- 65 yaşdan yuxarı;
- Hamilə qadınlar, 5 yaşa qədər uşaqlar (xüsusilə – 2 yaşa qədər);
- Xroniki xəstəliklər (astma, ağciyər, ürək, böyrək, qaraciyər, endokrin sistem xəstəlikləri);
- Səhiyyə işçiləri və s.
Peyvəndin demək olar ki, heç bir əks təsirii yoxdur və demək olar ki, hər kəs üçün tövsiyə olunur.
Hər il peyvənd etmək lazımdırmı?
Peyvənd nəticəsində yaranan immunitet qalıcı deyil, müxtəlif növ virusların dövriyyəsi səbəbindən insanlar hər il mövsümi qriplə xəstələnir, buna görə də qripə qarşı peyvəndin yaradılması və onun dövri olaraq yenilənməsi həyata keçirilir, buna görə də hər il peyvənd lazımdır.
Tövsiyələr
Qripə bənzər simptomlar zamanı evdə qalmaq və insanlarla təmasdan boyun qaçırmaq lazımdır. Həkimin tövsiyəsinə uyğun olaraq simptomatik müalicə edilməlidir.