Rusiyanın Moskva vilayətində vurulan pilotsuz uçuş aparatının (PUA) qalıqlarının İstra şəhər məhəlləsindəki bağ evinə düşməsi nəticəsində iki nəfər yaralanıb.
QafqazTürk.com xəbər verir ki,bu barədə Moskva vilayətinin qubernatoru Andrey Vorobyov özünün “Telegram” kanalında məlumat verib.
“Bu səhər iki pilotsuz təyyarə Moskva vilayətinin qərbində və şimal-qərbində hava hücumundan müdafiə qüvvələri tərəfindən vurulub. Onlardan birinin qalıqları İstra şəhər dairəsində yerləşən “Dorojnik” bağ evinin üzərinə düşüb. Nəticədə iki nəfər xəsarət alıb. Onlardan bir kişi tibb müəssisəsinə yerləşdirilib, qadın isə xəstəxanaya getməkdən imtina edib. Həmçinin, üç evdə pəncərələr sınıb. Bütün təcili yardım xidmətləri hadisə yerində işləyir”, – deyə o qeyd edib.
Qeyd edək ki,Rusiya Müdafiə Nazirliyinə yerli vaxtla saat 7 radələrində (Bakı vaxtı ilə 8:00-da – red.) Ukrayna Silahlı Qüvvələrinə məxsus pilotsuz uçan aparatın (PUA) terror aktı törətmək istədiyi barəsində məlumat gəlib. PUA aşkar edilərək Pokrovskoye qəsəbəsi yaxınlığında elektron döyüş vasitəsi ilə məhv edilib.
Bildirilir ki, Moskvanın bütün hava limanlarında “xalça” rejimi elan edilib, bir neçə reys təxirə salınıb.
Daha sonra Rusiya Müdafiə Nazirliyi Moskva yaxınlığında daha bir pilotsuz təyyarənin məhv edildiyini açıqlayıb.