Mirzə Şəfi Vazeh (1794 – 1852) Gəncədə doğulub, Tiflisdə vəfat etmişdir. Qəbri Botanika bağındadır: keçmiş Tiflis müsəlman qəbristanlığında.
Tanınmış Azərbaycan şairidir. Ondan fars dili dərsi alan F.Bodenştedt vətəninə qayıdərkən “Mirzə Şəfi nəğmələri” adlı kitab nəşr etdirir.
Beləliklə, Vazehin şeirləri Avropa dillərinə də tərcümə edilir.
Tbilisidə adına küçə var.
Mirzə Şəfi Vazeh
Tiflis haqqında üç şeir
1.
Gölüylə məşhurdur Şiraz, ya meylə?
Hər kəsin içində var əndişəsi.
Bəlkə Rüknəbada şöhrət gətirib
onun da Mozella adlı meşəsi?
Görünür, gözəllik deyilmiş səbəb, dünyada nə qədər yer var… misilsiz! Bütün yer üzündə tanınıb onlar
tək sənin,
tək sənin şerinlə, Hafiz!
Bütləri sən elə yıxdın, dağıtdın, eşidən seyrinə gəldi Şirazın.
Qələmin, ilhamın sayəsində sən kiçiyi böyütdün, şişirtdin azı.
Şeirinlə vəsf etdin
sən o meşəni, o çayı, sahili, gözəl şəhəri. Sən necə öydünsə… mübarək oldu
adicə daşı da həmin yerlərin.
Gülü, şərabı var, şux qızları var,
Tiflis geri qalmaz ondan heç nədə.
Sənə minnətdardır, Şəfi, bu şəhər,
tapıbsa vəsfini nəğmələrində.
Hafizin şeiriylə tanındı Şiraz,
Tiflissə Şəfiylə qovuşdu ünə.
İkinci bir ömür qazandırıb o,
nəfəsi dəyənə, gözü görənə.
Dağların qoynundan çağlayan o çay
şəhər bağlarına su və can verər.
Burda çiçəkləyən, yaşayan nə var,
özünü Şəfiyə bir borclu görər.
Unutmaram əsla nazlı qızları,
onlardır təbimin eşqi, qüruru.
Mən vəsf etdim deyə,
piyalə gözlər,
o alma yanaqlar elə bərq vurur.
Cənnətdən müjdədir eşqdən, hüsndən, güllərdən və meydən söz açan şeirim. Ondan hali olan atar, unudar
bütün günahların, bütün təqsirin.
Özündən büt yapan, bütə çevrilən kəslərin başına dünya olar dar.
Çəkilməz əzaba düçar olacaq busəni, şərabı haram sayanlar.
Sənin nəğmələrin, ey Mirzə Şəfi,
səslənsin ölkədə qoy addımbaşı.
Gözəllik, saf niyyət olmalı çünki
bu təzə həyatın dostu, yoldaşı.
Bu yurdda yetişən gənclər hər yerdə
doğma şəhərinin başın dik edər.
Şəfinin şeiriylə Tiflisin namı
yayılar Kürümdən ta Reynə qədər.
2.
Bu Tiflis şəhərinin nazənin gözəlləri yamanca aludədir hər cür bəzək-düzəyə. Qaydadır: alınların bəzəyər zərdən kəmər,
əndamları bürünər məxmərə və ipəyə.
Zərif çəkmələrinin ipləri var – al-əlvan, kəlağayılarısa bəyaz olar – qar kimi.
Uzun sözə hacət yox: yaraşar, nə geysələr-
könlümü açmaz heç nə tiflisli qızlar kimi.
Arzum budur, seyr edim mən o şux gözəlləri
nənələrin geydiyi qədim əlbisələrdə.
Daş-qaşa gərək duymaz qulaqları, əlləri, süni bər-bəzəklərə nə gərək var bu yerdə?!
Allah-təala veribsə zənənə boy-buxunu, geyim-kecim işini gərək özü öyrənə.
Əgər bunda naşısa, hansı şair xoşlanar
o sənəmdən…
lap ahıl şair olsa da yenə?!
3.
Dəli Kür axıb gedir ayaqlarım altında, Günəşdə par-par yanır sapsarı dalğaları. Qəlbim də açılıbdır çəməndəki güllərtək -həyatda ən pis günüm belə olaydı barı!
Cünbüş vurur badəmdə Kaxetiya çaxırı.
xəyalımdan getməyir yarımın baxışları.
Al rəngli meydən içib, onu vəsf eyləyirəm-
həyatda ən pis günüm belə olaydı barı!
Cünbüş vurur badəmdə Kaxetiya çaxırı,
xəyalımdan getməyir yarımın baxışları.
Al rəngli meydən içib, onu vəsf eyləyirəm-
həyatda ən pis günüm belə olaydı barı!
Günəş qüruba enir, hər yanı zülmət alır,
sevən qəlbimin nuru yarır qaranlıqları.
O da axan ulduz tək qarışır məchulluğa-
həyatda ən pis günüm belə olaydı barı!
O qara gözlərində uyuyur Qara dəniz,
məni ora sürüklər hissim, ehtiraslarım.
Gəl, qoynuma, sevgilim,
bir kimsə duyuq düşməz –
həyatda ən pis günüm belə olaydı barı!
Tərcümə edən: Azad YAŞAR