Milli Mətbuatımızın 150 illiyinə həsr edilmiş tədbir keçirilib

52

Milli Mətbuatımızın 150 illiyinə həsr edilmiş tədbir keçirilib.

Bu gün, iyulun 21-də Marneuli şəhərindəki “Azərbaycan Evi”ndə 22 iyul – Milli Mətbuatımızın 150 illik yubileyinə həsr olunmuş tədbir keçirilib. Tədbir Gürcüstan Azərbaycanlıları Konqresinin, AZƏRTAC-ın, eləcə də “Gürcüstan” qəzetinin təşəbbüsü və təşkilatçılığı ilə baş tutub.

Tədbiri giriş sözü ilə GAK sədri Hüseyn Yusubov açıb. O, iştirakçıları salamladıqdan sonra Milli Mətbuat tariximizə toxunub və Gürcüstanda anadilli mətbuatımızın inkişaf mərhələləri barədə danışıb. O deyib:

“Gürcüstanda Azərbaycan dilli mətbuatın böyük tarixi var. 150 illik Azərbaycan mətbuatının bir qanadında da Gürcüstandakı Azərbaycan dilli mətbuat dayanır. Borçalı ziyalılarının ərsəyə gətirdiyi mətbuat orqanları soydaşlarımızın həyatında mühüm rol oynayıb.

Etiraf etmək lazımdır ki, bu qəzetlərlə Azərbaycan mətbuatı yaranmadı, ancaq olsa-olsa, tədqiqatçıların da qeyd etdiyi kimi, onlar yalnız və yalnız varanmaqda olan Azərbaycan milli mətbuatının rüşeymi

oldular. Bəllidir ki, Azərbaycan mətbuatının yaranması tarixi 1875-ci ilin iyun ayının 22-də nəşrə başlayan “Əkinçi” qəzeti ilə bağlıdır, deyə Hüseyn müəllim bildirib, həm də bu gün bu böyük mətbuat-media ənənəsini davam etdirmək bizim gənc jurnalistlərin üzərinə düşür. Saytlarımızı yüksək səviyyəyə qaldirmaq üçün, əlbəttə ki, çox çalışmaları, işləmələri lazımdır! İnanıram ki, onlar bunu bacaracaqlar”!

AZƏRTAC-ın Gürcüstan üzrə xüsusi müxbiri Xətai Əzizovun çıxışından:

“Milli mətbuat yarandığı gündən cəmiyyətin inkişafına xidmət edib, insanların maariflənməsində, ölkədə və dünyada baş verən hadisələrdən xəbərdar olmasında mühüm rol oynayıb. 1875-ci il iyulun 22-də işıq üzü görən “Əkinçi” qəzeti də məhz bu prosesin başlanğıcını qoyub. Bu gün fəxrlə deyə bilərik ki, Azərbaycan mətbuatı inkişaf edib və regionda aparıcı rol oynayır.

150 yaşını qeyd edən Azərbaycan mətbuatı güclü inkişaf yolu keçib. İndi dünyada süni intellekt vasitəsilə saxta xəbərlərin hazırlanmasına tez-tez rast gəlinir. Ona görə də peşəkar səviyyədə hazırlanmış, dəqiq və obyektiv məlumatların izlənilməsi vacibdir”.

“Gürcüstan” qəzetinin baş redaktoru Xaləddin Yolçuyevin çıxışından:

“…1877-ci ildə “Əkinçi” qəzetinin nəşri dayandırıldıqdan sonra yenə də Tiflis şəhərində Azərbaycan dilində “Ziya” (1879), “Ziyayi-Qafqaziyyə” (1880), “Kəşkül” (1883) kimi mətbuat orqanları nəşr olunmuşdur. XX əsrin əvvəllərində isə Tiflisdə “Şərqi-Rus” (1903), “Molla Nəsirəddin” (1906) kimi məşhur mətbuat orqanları fəaliyyətə başladı.

“Molla Nəsrəddin”i təbiət özü yaratmışdı, zəmanə özü yaratmışdı. Jurnalın birinci nömrəsi “Sizi deyib gəlmişəm, ey mənim müsəlman qardaşlarım” çağırışı ilə 1906-cı ilin 7 aprelində çıxdı və böyük maraqla qarşılandı.

 

Və hazırda rəhbərlik etdiyim “Gürcüstan2 qəzetinin tarixi barədə: Gürcüstanda Sovet hakimiyyəti qurulduqdan sonra Tiflisdə əvvəlcə “Kommunist” (1921), sonra isə “Yeni fikir” (1922) nəşrə başladı.

 

“Yeni fikir” qəzeti 1927-ci il may ayının 31-də nəşrini dayandırmış, bundan bir ay sonra 1927-ci il iyun ayının 30-da Tiflisdə “Yeni kənd” adı ilə nəşrini davam etdirmişdi. Qəzet 1939-cu ildə “Sovet Gürcüstanı” adı ilə çap olunmuş, keçən əsrin 90-cı illərinin əvvəllərindən isə “Gürcüstan” adı ilə çap olunmaqdadır”.

Tədbirin davamı sırasında media nümayəndələrinə GAK-ın fəxri fərmanları və diplomları təqdim edilib. Mükafatçılar sırasında ölkəmizdə akkreditasiya olunmuş Azərbaycan Respublikası media nümayəndələri və yerli jurnalistlər var. Mükafatları GAK sədri Hüseyn Yusubov, şairə Səadət Buta, yazıçı-folklorşünas Əli Abbas, iki çağırış parlamentizin deputatı olmuş Ramiz Bəkirov, məktəb direktoru Hümbət Hüseynov, GAK-ın redaktoru İbrahimxəlil Məhəmmədəlioğlu təqdim ediblər.

Tədbir çay süfrəsi ilə başa çatıb.

Bir daha bütün mətbuat işçilərimizi təbrik edirik!

PS:

Daha ətraflı video-süjetimizi izləyə bilərsiniz.

 

 

 

 

Öncəki yazı
Zelenski 16 yeni səfir təyin edib