Gürcüstanın Kvemo Kartli bölgəsinin Marneuli rayonunda insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində maarifləndirmə ilə əlaqədar tanışlıq görüşü keçirilib.
QafqazTürk.com xəbər verir ki, Gürcüstan Azərbaycanlıları Konqresinin (GAK) təşəbbüsü ilə keçirilən tədbirdə Gürcüstan dövləti nəzdində Hüquqi Yardım Xidmətinin (Mərkəz) də təqdimatı olub.
Görüşdə konqresin Marneuli, Qardabani, Bolnisi və Dmanisi üzrə təmsilçiləri, gənclər və ağsaqqallar da iştirak etdilər.
İştirakçılar arasında həmçinin Bolnisi rayon sakrebulosunun sədr müavini Rəsul Bəxtiyarov, Dmanisi rayon sakrebulosunun sədr müavini Azər Əliyev və Qardabani rayon sakrebulosunun deputatı Bəxtiyar Zeynalov da var idi.
Tədbir azərbaycan və gürcü dili olmaqla iki dildə baş tutdu. “QafqazTürk Media”nın əməkdaşları Mari Burcaliani və Gülgün Məmmədxanlı tərcüməçilik vəzifəsini müvəffəqiyyətlə yerinə yetirdilər.
GAK sədri Hüseyn Yusubov çıxışında bildirib ki, ölkədə insanlara hüquq yardım göstərilməsi üçün bir sıra layihələr həyata keçirilir. Lakin bölgələrdə də belə bir mərkəzin yaradılması və insanlara pulsuz hüquqi yardım göstərilməsi sahəsində müəyyən problemlər qalmaqdadır. Mərkəzin əsas məqsədi birgə fəaliyyət nəticəsində həmin problemlərin həllinə yardım göstərməkdir.
GAK sədri çıxışında həmçinin Ləmbəli kəndində qətlə yetirilmiş 14 yaşlı Aytac Şəhmirova məsələsinə də toxundu və cinayətkarların ən ağır şəkildə cəzalandırılmasının vacib olduğunu və lazım gələrsə məhkəmə prosesində üçüncü tərəf olaraq çıxış etməyə hazır olduğunu bildirdi.
“Şəffaf Qafqaz” təşkilatının sədri hüquqşünas Mübariz Qarayev çıxışında bölgədə mövcud lan problemlərin həllindəmbu cür mərkəzlərin rolundan bəhs edib. Bildirib ki, insanlar arasında maarifləndirmə işlərinin aparılması, onlara pulsuz hüquqi yardım göstərilməsi günün vacib tələblərindən biridir. Sonra Hüquq Mərkəzinin rəhbəri David Simonya təşkilatın məqsəd və vəzifələri barədə ətraflı məlumat verib. Bildirib ki, mərkəz insanlara müxtəlif hüquqi xidmətlər göstərəcək. Bu xidmətlərə hüquqi məsləhətlər verəcək, milli azlıqlara dövlət dilində müxtəlif dövlət, yerli özünüidarə orqanlarına müraciət, vəkillik xidməti, əmlak və digər sosial məsələlərin həllinə yardım edəcək. Onun sözlərinə görə, əsas ofisi Rustavidə yerləşən mərkəzin Marneulidə və azərbaycanlıların yığcam yaşadıqları digər bölgələrdə də ofis açacaq. Sonra tədbirdə mövzu ətrafında çıxışlar olub, insanları maraqlandıran məsələlərə aydınlıq gətirilib.