Marneulidə Azərbaycanın və Gürcüstanın müstəqillik günü qeyd olunub – FOTOLAR

4

Marneuli rayonunda Azərbaycanın və Gürcüstanın müstəqillik gününə həsr olunmuş təntənəli tədbir keçirilib.

QafqazTürk.com xəbər verir ki, Gürcüstan Azərbaycanlıları Konqresi (GAK) və rayonun Qullar kənd məktəbi rəhbərliyinin birgə təşkil etdikləri tədbirdə Azərbaycanın və Türkiyənin Tbilisidəki səfirliklərinin əməkdaşları, Gürcüstan parlamentinin deputatı Zaur Darğallı, Marneuli şəhərinin meri Kənan Ömərov, Marneuli şəhər şurasının sədri Amiran Qiorqadze, Qardabani və Bolnisi rayonlarının bələdiyyə sədrlərinin müavinləri, ziyalıları, ictimaiyyət nümayəndələri və məktəblilər iştirak ediblər.

Tədbirdə əvvəlcə Azərbaycanın və Gürcüstanın dövlət himnləri səsləndirilib.
Sonra GAK sədri Hüseyn Yusubov çıxış edərək Azərbaycanın və Gürcüstanın müstəqillik tarixinə nəzər salıb. Bildirib ki, GAK müstəqillik gününü hər il bir təşkilat və məktəblə qeyd edir. Bu gün isə tədbir Qullar kənd məktəbi ilə birlikdə təşkil olunub. Əsas məqsəd bu bayramın xalqımız üçün necə vacib və əhəmiyyətli olduğunu gənc nəslə çatdırmaqdır.
Qullar kənd məktəbinin direktoru Hümmət Hüseynov bildirib ki, bu cür tədbirlərin təkcə məktəblərdə deyil, eyni zamanda onların iştirakı ilə daha geniş və böyük auditoriyada keçirilməsi mühüm əhəmiyyət kəsb edir.
Gürcüstan parlamentinin deputatı Zaur Darğallı çıxışında Gürcüstanın və Azərbaycanın regiondakı rolu barədə ətraflı məlumat verib.
Bildirib ki, bu gün bu iki ölkə regionda sülhün və sabitliyin bərqərar olunmasında mühüm rol oynayır.
İki ölkə arasındakı dostluq münasibətləri dünyaya nümunədir.
O, Azərbaycan, Gürcüstan və Türkiyənin birgə iştirakı ilə həyata keçirilən irimiqyaslı enerji, nəqliyyat layihələri barədə məlumat verib, bu layihələrin təkcə region ölkələrinin deyil, dünya ölkələrinin inkişafında mühüm rol oynadığını qeyd edib.
Deputat, Azərbaycan Prezidenti İlham Əliyevin Gürcüstana, eləcə də baş nazir İrakli Qaribaşvilinin Bakıya son səfərlərini xatırladıb, bu səfərlər nəticəsində münasibətlərin daha da inkişaf etdiyini vurğulayıb.
Sonra Marneuli rayonunun meri Kənan Ömərov çıxış edərək müstəqillik dövründə əldə olunan nailiyyətlər barədə məlumat verib.
Azərbaycanın Gürcüstandakı səfirliyinin müşaviri Eldar Bayramov çıxışında Azərbaycanın və Gürcüstanın müstəqillik uğrunda mübarizəsi, 105 il bundan əvvəl qazanılmış müstəqilliyini süqutunun səbəbləri barədə ətraflı məlumat verib. Bildirib ki, 1990-cı ildə hər iki ölkənin müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan ilə Gürcüstan arasında dostluq əlaqələri daha da inkişaf edib və möhkəmlənib.
Diplomat ölkələrimiz arasında əlaqələrin inkişafında, enerji və nəqliyyat layihələrinin reallaşmasında Ulu Öndər Heydər Əliyevin xidmətlərini qeyd edib.
O, iki ölkə arasında əlaqələrin genişləndirilməsində Gürcüstanda yaşayan soydaşlarımızın rolunu da xüsusi vurğulayıb.
Azərbaycan, Gürcüstan və Türkiyə arasında dostluq münasibətlərinin dünyada nümunə olduğunu vurğulayan Eldar Bayramov deyib ki, bu gün təkcə Azərbaycanda deyil, Gürcüstanda və Türkiyədə ölkələrimizin müstəqillik bayramı ilə yanaşı Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinin də qeyd olunması dostluq və qardaşlığımızın əyani sübutdur.
Daha sonra Türkiyənin Gürcüstandakı səfirliyinin məsul əməkdaşı Kazım Qartal, sabiq deputat, politoloq Ruslan Hacıyev, Marneuli sakrebulunun sədri Amiran Qiorqadze, ictimai-siyasi xadim Mirağa Mustafayev və başqaları çıxış edərək ölkələrimiz arasında əlaqələrin inkişaf perspektivləri barədə danışıb, müstəqillik dövründə əldə olunmuş uğurlar, qarşıda duran vəzifələr barədə fikirlərini bölüşüblər.
Tədbirdə Qullar kənd məktəbinin şagirdləri müstəqilliyə, Azərbaycan, Gürcüstan və Türkiyə dostluğuna dair şeirlər səsləndiriblər.

0
0
Sonrakı yazı
Nikol Paşinyan Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bir daha təsdiqləyib
Öncəki yazı
Marneuli bələdiyyə məclisinin növbəti iclası keçirilib