Marneulidə əlillərin problemləri ilə məşğul olan şuranın növbəti iclası keçirilib.
Qafqaztürk.com xəbər verir ki, bu barədə məlumatı Marneuli meriyası yayıb.
Meriyadan verilən məlumata görə, görüşün əsas hissəsi Marneuli bələdiyyəsində mövcud sosial xidmətlər haqqında xüsusi qayğıya ehtiyacı olan insanlar üçün aparılan maarifləndirmə kampaniyasının müzakirəsinə həsr olunub.
Şura üzvləri xüsusi qayğıya ehtiyacı olan insanlar üçün uyğunlaşdırılmış mühitin yaradılması məsələlərini də müzakirə ediblər.
“İclasda Marneuli bələdiyyəsinin meri Kənan Ömərov, şuranın sədri Amiran Qiorqadze və Marneuli bələdiyyəsinin layihə üzrə işçi qrupunun üzvləri iştirak ediblər.
Qeyd edək ki, Marneuli Bələdiyyəsinin Meriyası Avropa Şurasının qrantı ilə “Gürcüstanda yerli səviyyədə İştirakçı Demokratiyanın və İnsan Hüquqlarının Gücləndirilməsi” layihəsi çərçivəsində maarifləndirmə kampaniyasını həyata keçirir.
Kampaniyanın məqsədi bələdiyyədə yaşayan əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiyasını təşviq etmək, müxtəlif bələdiyyə xidmətləri haqqında daha çox məlumatlandırmaq və əlilliyi olan şəxslərin özünüidarəetmə fəaliyyətinin həyata keçirilməsi prosesinə cəlb edilməsidir”, – məlumatda qeyd olunur.