Marneuli bələdiyyəsinin nümayəndə heyəti Qazaxıstan Respublikasında rəsmi səfərdə olub.Qafqaztürk.com xəbər verir ki, səfər çərçivəsində nümayəndə heyəti, Kostanay şəhərinin və Kostanay vilayətinin, Naurzum rayonu Akimatının rəhbərləri ilə görüşlər keçirib.Görüşlər çərçivəsində iki ölkə arasında diplomatik əlaqələrə, Marneuli bələdiyyəsi ilə Kostanay şəhəri arasında dostluğun perspektivlərinə, regionlar arasında iqtisadi, mədəni, sahibkarlıq, kənd təsərrüfatı təcrübələrinin mübadiləsinə və gələcək əməkdaşlıq planlarına toxunulub. Qeyd edək ki, nümayəndə heyəti Kostanay vilayətinin Naurzum rayonunda Marneuli bələdiyyəsinin Alget kəndindən mühacir (emiqrant) olan Məmməd Ocaqverdiyevin 30 illik yubileyinə həsr olunmuş genişmiqyaslı tədbirdə iştirak edib. Tədbirdə müxtəlif ölkələrdən dəvət olunmuş qonaqlarla yanaşı, Gürcüstanın Veteranlarla İş üzrə Dövlət Xidmətinin direktoru general-mayor Koba Kobaladze də iştirak edib. Qazaxıstanda, kənd təsərrüfatının inkişafındakı xidmətlərinə görə Məmməd Ocaqverdiyev yüksək ixtisaslı mütəxəssis kimi bir sıra dövlət mükafatlarına layiq görülüb. O, həmçinin “Qiqant” kolxozunun yaradıcılarından biri olub. Səfər çərçivəsində nümayəndə heyətinin üzvləri Ocaqverdiyevlərin istehsalat müəssisəsində – Qazaxıstanın ən böyük biznes korporasiyalarından biri olan və məhsulları bütün dünyaya yayılan “ATAMEKEN DOS”-da olublar.Marneuli bələdiyyəsi merinin birinci müavini Roin Dekanoidzenin rəhbərlik etdiyi nümayəndə heyətinə Marneulinin Bələdiyyə məclisi nümayəndəsi Vüqar Qədimov və Marneuli bələdiyyəsi Meriyasının ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Davit Çikadze daxil idilər.
-