Mamuka Xazaradze: “Qondarma prezident əfvi insan alveridir”

81

“Lelo – Güclü Gürcüstan” partiyasının liderlərindən Mamuka Xazaradze və Badri Caparidze sentyabrın 5-də prezident Mixeil Kavelaşvilinin əfv fərmanı ilə azadlığa buraxılıb.

Rustavidəki 12 saylı cəzaçəkmə müəssisəsini tərk edən Xazaradze jurnalistlərə açıqlamasında bildirib ki, əfv onlar üçün gözlənilməz olub və siyasi manipulyasiya məqsədi daşıyır:

“Bu gün qondarma prezidentin etdikləri hüquqi cəfəngiyyatdır, insanların azadlığı ilə manipulyasiyadır, qanunların tapdalanmasıdır, insan alveridir. Əgər yaxın günlərdə eyni maddə ilə həbsdə olan digər siyasi məhbuslar azad olunmayacaqsa, bu, bir daha sübut edəcək ki, prezident Gürcüstan qanunvericiliyindən şəxsi maraqları üçün istifadə edir”.

Xazaradze vurğulayıb ki, partiyanın yerli özünüidarə seçkilərində iştirakla bağlı qərarı dəyişməz olaraq qalır:

“Bizim məqsədimiz Gürcüstanın Avropa gələcəyidir, yeni parlament seçkilərinin keçirilməsi və bütün siyasi məhbusların azadlığa buraxılmasıdır”.

Badri Caparidze də həbsxananı tərk edərkən eyni mövqeyi bölüşüb:

“Mövqeyimiz həbsdən əvvəl necə idisə, elə də qalır. Biz nə xahişlə, nə də tələblə azadlığa çıxmamışıq. Bu, ‘Gürcü Arzusu’nun qərarı idi”.

Müxalifət partiyaları isə Xazaradze və Caparidzenin əfvini hökumətin oktyabrın 4-nə təyin olunmuş yerli seçkiləri legitimləşdirmə cəhdi kimi qiymətləndirir və onları seçkilərdə iştirakdan imtina etməyə çağırır.

Xatırladaq ki, Lelo liderləri qanuniliyi şübhə doğuran parlamentin istintaq komissiyasına getmədiklərinə görə iyunun 23-də həbs olunmuşdular. Əfv fərmanı olmasaydı, onların azadlığa buraxılması 2025-ci il fevralın 23-nə təsadüf edəcəkdi.

Hazırda digər bir neçə müxalifət lideri, o cümlədən Zura Caparidze, Nika Melia və Nika Qvaramia həbsdə qalır.

Sonrakı yazı
Ağır yol-nəqliyyat hadisəsi baş verib
Öncəki yazı
Sinoptiklər əhaliyə xəbərdarlıq edirlər