“Macarıstan Gürcüstan rəsmilərinin sanksiya siyahısına salınmasının tamamilə əleyhinədir. Oxşar təkliflər olarsa, biz onlara veto qoyacağıq, siz buna əmin ola bilərsiniz”.
QafqazTürk Media xəbər verir ki, bu barədə Macarıstanın xarici işlər naziri Peter Siyarto Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili ilə birgə mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, Macarıstan Gürcüstanın Avropaya inteqrasiya istəklərinə tam sadiqdir və hər cür dəstəyi göstərir.
“Əgər müxalifət seçkilərdə qalib gəlsəydi, o zaman Brüssel Gürcüstanda demokratiya haqqında ucadan qışqırardı. Onlar deyərdilər ki, Gürcüstanda demokratiya heç vaxt bu qədər güclü olmayıb, amma mühafizəkar partiya seçkidə qalib gəlib və vətəndaşların iradəsini inkar etmək və görməzlikdən gəlmək üçün hər şeyi edirlər. Bunu tamamilə qeyri-demokratik üslubda edirlər. Onlar gürcü xalqının demokratik seçkilərlə ifadə etdikləri iradəsini şübhə altına alırlar.
Macarıstan Gürcüstanın Avropaya inteqrasiya istəklərinə tam sadiqdir və hər cür dəstəyi verir. Avropa Parlamenti millətin alçaldılmasından bəhs edən qətnaməni təsdiqləyib, biz isə onu rədd edirik. Bununla da Avropa Parlamenti Avropa İttifaqına daxil olmaq üçün danışıqlara başlamaq istəyən ölkəyə qarşı zərərli hərəkətlər edir. Avropa Parlamentində sülhün zərurətindən açıq danışanların üzərinə daima hücum edən müharibə tərəfdarı və liberal çoxluq var.
Biz Brüsseli və beynəlxalq liberal elitanı gürcü xalqının qərarına hörmətlə yanaşmağa və gürcü xalqının öz ölkəsinin gələcəyini həll etmək üçün suveren hüququnu şübhə altına almamağa çağırırıq. Bu yaxınlarda Brüsseldən Gürcüstanın daxili işlər nazirinə və yüksək rütbəli polis zabitlərinə qarşı Avropa sanksiyaları tətbiq etmək təklifi aldıq, bu, hədsiz və əsassızdır. Macarıstan Gürcüstan rəsmilərinin sanksiya siyahısına salınmasının tamamilə əleyhinədir. Oxşar təkliflər olarsa, o zaman onlara veto qoyacağıq, buna əmin ola bilərsiniz” -Siyarto bildirib.