This is a specific ad

“Mənim Qəhrəmanım- Ənvər Hümbətov”

249

Another advertisement

Ənvər Hümbətov 1950-ci il yanvarın 1-də Marneuli bələdiyyəsinin Algeti kəndində anadan olub. Ağır iqtisadi vəziyyət ucbatından Ənvər Hümbətovun ailəsi Rustavi şəhərinə köçüb. O, Rustavi şəhər 12 saylı orta məktəbi fərqlənmə ilə bitirdikdən sonra, Rustavi Metallurgiya zavodunda çalışmağa başlamış, eyni zamanda da Gürcüstan Politexnik İnistitutunun Rustavi filialındakı metallurgiya fakültəsində təhsilini davam etdirib.

Çalışdığı zavodda qısa müddət ərzində zavodun koks-kimya sexinin baş mexaniki vəzifəsinə yüksəlib. Gəncliyində idmanla məşğul olan Ənvər Hümbətov tez-tez şəhərdə təşkil olunan velosiped yarışlarına qatılaraq mükafat da qazanıb. Təhsilini başa vurduqdan sonra Sovet ordusunun Polşadakı raketdən mühafizə birləşməsində xidmət etmiş, xidmətini bitirdikdən sonra leytenant rütbəsi ilə Gürcüstana geri dönüb. Ənvər Hümbətov Fatma Xasiyeva ilə ailə həyatı qurub, Ofeliya və Emil adlı övladları dünyaya gəlib. Daha sonra Ənvər Hümbətovun çalışdığı zavodda vəzifəsi yüksəlmiş, mühəndis kimi işinə davam edib.

Sovet İttifaqı dağıldıqdan sonra Gürcüstanda seperatçı çıxışlar baş qaldırıb. 1992-ci il avqustun 14-də Abxaziyada Enquri çayı üzərində dəmiryolu körpüsü partladılıb. Bu hadisə Gürcüstanda yeni müharibənin başlamasına işarə idi. 1992-ci ilin sonlarında isə Abxaz separatçılarının daha da fəallaşmasından sonra Ənvər Hümbətov, Rustavi şəhərinin hərbi komissarlığına müraciət edərək, könüllü olaraq hərbi xidmətə yollanıb. Müharibə zamanı o, döyüşlərin ən qızğın olduğu bölgələrdə – Oçamçire, Tkvarçeli, Labra və Şroma kimi qaynar nöqtələrdə döyüşüb.

Gürcüstanın Abxaziyası uğrunda qəhrəmancasına vuruşan Ə.Hümbətov 1993-cü il iyul ayının 4-də hərbi tapşırığı uğurla yerinə yetirib, geri dönərkən pusquya düşmüş, mühasirədə qalan dəstəni özünü fəda edərək xilas edib. Təxmini hesablamalara görə, Ənvər Hümbətovun bu fədəkarlığı sayəsində 25-30 nəfər ölümdən xilas olub. Ənvər Hümbətov 43 yaşında snayper gülləsinə tuş gələrək şəhid olub, ailəsinin və özünün vəsiyyəti əsasında doğulduğu Alget kəndində dəfn edilib.

Ənvər Hümbətov 1994-cü il 30 dekabr tarixində Gürcüstan prezidentinin fərmanına əsasən “Döyüş meydanında göstərdiyi igidliyə və cəsurluğa görə” Gürcüstanda hərbi şücaətə görə verilən ən yüksək orden olan “Vaxtanq Qorqasali” ordeni ilə ölümündən sonra təltif olunmuşdur.

Qeyd edim ki, Paytaxt Tbilisinin mərkəzi meydanlarından olan “Qəhrəmanlar Meydanı”nda Gürcüstanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olanların şərəfinə ucaldılmış olan memorial abidədə Ənvər Oruc oğlu Hümbətovun da adı yazılıb.

 

Kateqoriya: Araşdırma
Sonrakı yazı
30 avqust tarixinə olan valyuta məzənnəsi açıqlandı
Öncəki yazı
DTX-nin keçmiş vəzifəli şəxsi həbsxanadan 100% qrantla universitetə daxil olub