23 oktyabr Tbilisi Şəhər Məhkəməsində Rustaveli prospektində keçirilən etiraz aksiyalarının iştirakçılarına qarşı məhkəmə iclası baş tutub.
Məhkəmənin qərarı ilə 11 nəfər inzibati qaydada təqsirli bilinib, Giorgi Eliashvili, Ioseb Kxeoşvili, Teona Talaxadze, Davit Asanidze, Tamar Giorgadze və Nini Naçxebia barəsindəki işlərin baxılması isə təxirə salınıb.
Aşağıdakı şəxslərə inzibati həbs cəzası verilib:
Azərbaycanlı jurnalist Əfqan Sadıqova – 14 gün,
Lia Muşkudian – 3 gün,
Kaxa Kvekveskiri – 14 gün,
Neka Natelaşvili – 6 gün,
Şako Bağdoşvili – 14 gün,
Nikolay Belikov – 14 gün (məhkəmə həmçinin onun ölkədən çıxarılması və 2 il müddətinə Gürcüstana girişinin qadağan edilməsi barədə qərar qəbul edib),
Luka Goqia – 14 gün,
Lorena Beria – 4 gün,
Maria Taliaşvili – 4 gün,
həkim Vaja Qafrindaşvili – 7 gün,
Nikoloz Şurqaiya – 14 gün.
Nikolay Belikovun vəkili bildirib ki, müvəkkili Rusiyanı 2016-cı ildə repressiyalardan və təzyiqlərdən qaçaraq tərk edib. Onun sözlərinə görə, əgər Belikov 14 gün ərzində başqa ölkədə sığınacaq tapa bilməsə, Rusiyaya qayıtmaq məcburiyyətində qalacaq və bu halda o, Putinin siyasətini və Ukrayna müharibəsini tənqid etdiyinə görə təqib riski ilə üzləşəcək.
İnzibati həbs cəzası verilən vətəndaşlardan biri olan həkim Vaja Qafrindaşvili isə deyib ki, saxlanıldıqdan sonra ona ailəsi və vəkili ilə əlaqə saxlamağa icazə verilməyib:
“Neçə gün həbs veriləcəyi vacib deyil. Mən həqiqəti bilirəm və inanıram ki, haqlıyam. Ola bilər, hərəkətimdə nəsə səhv etmişəm, amma bu mənim qərarımdır. Sadəcə, istəmirəm ki, siz ədalətin gözlərini bağlayasınız. Temida gözləri bağlıdır, amma görür. Onun gözlərini bağlamayın,” – deyə Qafrindaşvili məhkəmədə bildirib.
Tamar Giorgadze və Giorgi Eliashvili də öz həbslərinin şəraitindən danışıblar. Onlar bildiriblər ki, yolun hərəkət hissəsində olmayıblar. Ioseb Kxeoşvili isə deyib ki, o, əlilliyi olan şəxsdir, saxlanılarkən ayaqqabısı çıxıb və bütün gecəni izolyatorda ayaqyalın qalıb, polis isə ona ayaqqabısını götürməyə icazə verməyib.
Qeyd edək ki, ötən həftə “Gürcü Arzusu” partiyasının çoxluğa malik olduğu parlament etirazları məhdudlaşdıran qanun dəyişikliyini təcili qaydada qəbul edib. Dəyişikliyə əsasən, aksiya zamanı üzün gizlədilməsi, yolun bağlanması, müvəqqəti konstruksiyaların qurulması, gözyaşardıcı vasitələrin saxlanması, insanların və ya nəqliyyatın hərəkətinə qəsdən mane olmaq 15 günədək inzibati həbsə səbəb olacaq.
Əgər aksiya iştirakçıları odlu silah, alovlanan maddə, soyuq silah və ya pirotexniki vasitə daşıyarsa, yaxud bu vasitələr sağlamlığa zərər vurmaq məqsədilə istifadə edilərsə, cəza 60 günədək həbs olacaq. Daxili İşlər Nazirliyinin tələbi ilə dayandırılmış aksiyada iştirak, eləcə də bir il ərzində təkrar qayda pozuntusu artıq cinayət məsuliyyətinə səbəb olacaq. Polisin tələbinə üçüncü dəfə tabe olmamaq da cinayət məsuliyyəti doğuracaq.
Mənbə Publika
