Abxaziya Muxtar Respublikası Hökumətinin sədri Levan Mqaloblişvili Türkiyə Respublikasının Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Ali Kaan Orbay ilə görüşüb.
QafqazTürk Media xəbər verir ki, bu barədə məlumatı Abxaziya Muxtar Respublikası hökumətinin mətbuat xidməti yayıb.
“Hökumət sədri tanışlıq görüşündə Türkiyə səfirinə Abxaziya Muxtar Respublikası hökumətinin fəaliyyəti barədə məlumat verib, Abxaziya ərazisindəki mövcud vəziyyətlə tanış edib, vətəndaşların hüquqlarının pozulması hallarından danışıb.
Levan Mqaloblişvili səfirə Türkiyə səfirliyi tərəfindən həyata keçirilən tədbirlərə və Abxaziyadan olan məcburi köçkünlərə göstərdiyi dəstəyə görə təşəkkür edilib.
Səfir Türkiyə Respublikası hökumətinin Gürcüstanın suverenliyi və ərazi bütövlüyünə güclü və sarsılmaz dəstəyini bir daha təsdiqləyib.
Tərəflər Abxaziyadan müvəqqəti köçkün düşmüş əhalinin sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılmasına töhfə verəcək müxtəlif sahələrdə gələcək əməkdaşlıq planlarını müzakirə ediblər”, – məlumatda deyilir.