“Lelo – Güclü Gürcüstan” partiyası hökumətin müxalifət partiyalarının fəaliyyətini qadağan etməyə hazırlaşmasına sərt reaksiya verib.
QafqazTürk Media xəbər verir ki, partiya yayımladığı bəyanata görə Bidzina İvanişvili və “Gürcü Arzusu” hakimiyyəti bu addımı ilə Gürcüstanı “Rusiya və Belarus modelinə çevirmək” istəyir.
Bəyanatda qeyd olunur ki, “Gürcü Arzusu” artıq “NKVD-nin yəni SSRİ Xalq Daxili İşlər Komissarlığınən repressiv maşınını işə salıb” və “Güclü Gürcüstan – Lelo”nu siyasi səhnədən silməyə çalışır:
“Bidzina İvanişvili demokratiyanı ləğv edir, Gürcüstanı demokratik dövlət kimi məhv edir. O, Gürcüstandan Şimali Koreya yaratmaq istəyir.”
Partiya bildirib ki, Konstitusiya Məhkəməsinə müraciət edib və bütün hüquqi mexanizmlərdən istifadə etməyi planlaşdırır. “Lelo” həmçinin beynəlxalq ictimaiyyəti “Gürcüstanda demokratiyanın son iflasına yol verməməyə” çağırıb.
Bəyanatda vurğulanır ki, “Güclü Gürcüstan – Lelo” mübarizəsini həm ölkə daxilində, həm də beynəlxalq müstəvidə davam etdirəcək:
“Biz seçicilərimizin maraqlarını İvanişvili və onun rus-korrupsioner qrupuna təslim etməyəcəyik. Mübarizə demokratiya və Avroatlantik yol bərpa olunana qədər davam edəcək.”
Qeyd edək ki, “Gürcü Arzusu” Konstitusiya Məhkəməsinə müraciət edərək bir neçə müxalif partiyanın – “Vahid Milli Hərəkat”, “Dəyişikliklər Koalisiyası” və “Güclü Gürcüstan – Lelo” – fəaliyyətinə qadağa qoyulmasını tələb edib.
