“Lelo – Güclü Gürcüstan” partiyasının Marneuli bələdiyyəsi üzrə nümayəndəsi Aqil Mustafayevin yerli bələdiyyə seçkiləri ilə bağlı AÇIQLAMASI

88

“Lelo – Güclü Gürcüstan” partiyasının Marneuli rayon təşkilatının rəhbəri Aqil Mustafayev açıqlayıb ki, “Gürcü Arzusu” partiyası seçki məntəqələrində seçici iştirakını maksimum səviyyəyə çıxarıb və bunun nəticəsində müxalifət partiyaları bələdiyyəyə ən azı bir nümayəndə göndərə bilməyib.

QafqazTürk Media Radio Marneuliyə istinadən bildirir ki, bu barədə A.Mustafayev ictimaiyyətə açıqlamasında bildirib.

Mustafayev bildirib ki, 2025-ci il oktyabrın 4-də keçirilən yerli seçkilər bütün Gürcüstanda saxtalaşdırılıb, xüsusilə Marneuli bələdiyyəsi bu baxımdan fərqlənib.

“Hər kəs gördü ki, bu seçkilər tamamilə saxtalaşdırılmışdı. Bizim bölgədə saxtakarlıqlar daha çox oldu və bununla bağlı sübutlar mövcuddur. Seçki məntəqələrində rəqiblər bir-biri ilə yarışırdılar, kim daha çox saxtalaşdıracaq. Təxminən 50 000 seçicinin Marneulidə son dəfə nə vaxt iştirak etdiyini xatırlamıram. Ümumilikdə, çox böyük rəqəmlərdir. Bütün Marneuli və Gürcüstan bunu gördü. Bir məntəqədə 1 728 səs toplamaq mümkün deyildi”, – deyə Mustafayev vurğulayıb.

O əlavə edib ki, hələlik “Lelo – Güclü Gürcüstan” partiyasının Marneuli bələdiyyəsində neçə mandat qazanacağı dəqiq məlum deyil.

“Hazırda söhbət yalnız bir nəfərin bələdiyyəyə girməsi barədədir. Əslində, ‘Gürcü Arzusu’ heç bir müxalif üzvün bələdiyyəyə daxil olmasına imkan vermək istəmirdi. Mən ilk növbədə 4 000-ə yaxın seçiciyə təşəkkür edirəm, onlar təzyiq, şantaj və hədələrə baxmayaraq seçkiyə gəlib müxalifət partiyasına səs verdilər”, – Mustafayev qeyd edib.

Aqil Mustafayev “Lelo – Güclü Gürcüstan”ın proporsional siyahısında birinci yerdədir. Onun bələdiyyəyə girib-girməyəcəyi barədə sualına cavab olaraq bildirib ki, qərarını hələ verməyib:

“İndi bunu deyə bilmərəm. Mənim üçün əsas olan aylarla işləyən komandamın qərarı və seçicilərin istəyi olacaq. Bu qərarlar qəbul edildikdən sonra mən də öz mövqeyimi müəyyən edəcəyəm”, – deyə Mustafayev vurğulayıb.

Mərkəzi Seçki Komissiyasının məlumatına görə, “Gürcü Arzusu” partiyası 43 425 səs toplayıb ki, bu da iştirakçıların 90,27%-i deməkdir. “Lelo – Güclü Gürcüstan” isə Marneulidə 3 293 səs, yəni iştirakçıların 6,85%-i əldə edib.

Qeyd edək ki, Gürcüstanda yerli özünüidarəetmə seçkiləri 4 oktyabr 2025-ci il keçirilib. Seçki prosesi əvvəlkilərdən fərqlənirdi, çünki müxalifət partiyalarının çoxu boykot elan etmişdi, 2024-cü il parlament seçkilərini tanımadıqlarını və qeyri-legitim hökumətin təyin etdiyi seçki komissiyasına etibar etmədiklərini açıqlamışdılar. Beynəlxalq və yerli müstəqil təşkilatların böyük hissəsi isə seçkiləri izləməyib.

Mənbə Radio Marneuli

Kateqoriya: Maraqlı
Sonrakı yazı
Tramp “Tomahawk” raketlərinin Ukraynaya tədarükü barədə qərarı qiymətləndirir, amma suallar hələ qalır – ƏTRAFLI
Öncəki yazı
Gürcüstanda tikinti yenidən bahalaşır – səbəblər