“Lelo – Güclü Gürcüstan” lideri Badri Caparidze azadlığa çıxdıqdan sonra açıqlama verib.
O bildirib ki, partiyanın bələdiyyə seçkilərində iştirak qərarı dəyişməyib:
“Mövqeyimiz həbsxanaya düşməzdən əvvəl necə idisə, indi də eynidir. Bu, ölkəmizin Avropa gələcəyi, siyasi məhbusların azadlığı və yeni seçkilər uğrunda mübarizədir. 74 gün əvvəl biz qərar verdik ki, bələdiyyə seçkilərində iştirak edəcəyik. Buna görə həbs olunduq, amma qərarımız dəyişməyib”, – Caparidze deyib.
Qeyd edək ki, Mixail Kavelaşvili partiya liderləri Mamuka Xazaradze və Badri Caparidzeni əfv edib. O, bu qərarı yerli özünüidarəetmə seçkilərinin məhdud rəqabət şəraitində keçirildiyi barədə təsəvvür yaranmaması ilə əsaslandırıb.
Xatırladaq ki, “Lelo – Güclü Gürcüstan”ın liderləri 23 iyunda partiya ofisində saxlanılmış, məhkəmə qərarı ilə 8 ay müddətinə azadlıqdan məhrum edilmiş və 2 il ərzində vəzifə tutmaq hüququndan məhrum olunmuşdular.