Kvemo Kartlidə içməli su və kanalizasiya ilə bağlı problemlər müzakirə olunub.
Kvemo Kartli bölgəsinin bələdiyyələrində içməli su təchizatı və kanalizasiya sistemləri ilə bağlı mövcud çətinliklər Gürcüstanın İnfrastruktur Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Birləşmiş Su Təchizatı Şirkəti”nin nümayəndələri ilə keçirilmiş görüşdə müzakirə olunub. Görüş Dövlət Qubernatorunun Administrasiyasında baş tutub.
Dövlət Qubernatorunun birinci müavini İlia Calağania şirkətin direktoru Davit Kviniqadze, eləcə də yerli hakimiyyət nümayəndələri ilə birlikdə bələdiyyələrdə su təchizatı və kanalizasiya sahəsində mövcud vəziyyət və gələcək planlar barədə danışıb.
Tərəflər yüksək keyfiyyətli su və kanalizasiya sistemlərinin təmin edilməsi üçün atılmalı olan addımları müzakirə ediblər.
Görüşdə xüsusilə Tetritskaro bələdiyyəsində su təchizatı ilə bağlı mövcud problemlərə diqqət yetirilib.
Bələdiyyənin 15 kəndində – Maçevani, Qolteti, Tsintsqaro, Didi Durnuki, Patara Durnuki, Kotişi, Xaişi, Kolasari, Tbisi, Fartsxisi, Sağraşeni, Ardisubani, Enaqeti, Şavsaqdari və Asureti – nasos stansiyalarının elektrik təchizatında yaranan nasazlıqlar səbəbindən əhaliyə su fasilələrlə verilir.
Tərəflər texniki problemlərin səbəbləri və onların aradan qaldırılması yolları barədə fikir mübadiləsi aparıblar. Görüşdə su təchizatı sisteminin fəaliyyətinin yaxşılaşdırılmasına və mövcud problemlərin mərhələli şəkildə həllinə xidmət edəcək konkret fəaliyyət planı müəyyən olunub.