Kvemo Kartli, Sameqrelo və Acaranın bir sıra kəndlərinin sakinləri evlərinin yaxınlığında notarius xidmətləri alacaqlar.
QafqazTürk Media xəbər verir ki, bu barədə Gürcüstanın Ədliyyə Nazirliyi məlumat yayıb.
Nazirliyin açıqlamasına görə, xidmət “Səyyar Ədliyyə Evi” vasitəsilə həyata keçiriləcək və ilkin mərhələdə Hamamlı, Anaklia, Qorjomi və Xixadziri kəndlərinin sakinləri bu xidmətdən yararlanacaq.
Nazirliyin məlumatına görə, Notariat Palatasının İdarə Heyətinin sədr müavini, notarius Marika Qoqoladze Dmanis şəhərinin Hamamlı kəndinin sakinlərinə “Səyyar Ədliyyə Evi” çərçivəsində ilk notariat xidmətini göstərib.
Notariat xidmətlərinin göstərilməsi prosesində Notariat Palatasının sədri Ekaterine Nandoşvili və Ədliyyə Palatasının rəhbəri Laşa Lobjanidze iştirak ediblər.
Nazirlikdən verilən məlumata görə, xidmət göstərilməsinin coğrafi ərazisi mərhələli şəkildə artırılaraq, notariat xidmətlərinin lazımi səviyyədə olmadığı və ya əhali üçün uzaq məsafədə rayonda notariat bürosunun fəaliyyət göstərdiyi yüksək dağ statuslu bütün kənd və ya qəsəbələri əhatə edəcək.